Oktyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanlarının birinci toplantısı keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov TDT çətiri altında bütün sahələrdə olduğu kimi, media sahəsində də dərin və geniş inteqrasiya proseslərinin baş verdiyini söyləyib. Şura sədri deyib ki, təşkilata üzv ölkələrin müvafiq strukturları, media qurumları arasında memorandumlar imzalanıb, konfrans və tədbirlər, qarşılıqlı təcrübə mübadiləsi səfərləri təşkil olunub. Azərbaycanla Türkiyə arasında media sahəsində Əməkdaşlıq Memorandumunun imzalanması və Birgə Media Platformasının yaradılmasından sonra ötən il Audiovizual Şura bu ideyanın inkişaf etdirilərək yenidən gündəmə gətirilməsinə nail olub.
TDT-yə üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə tənzimləyici orqanları forumunun yaradılmasının vacibliyini vurğulayan İ.Səttarov xatırladıb ki, bu ideya ilk dəfə 2017-ci ildə Van şəhərində keçirilən görüşdə Türkiyənin tənzimləyici qurumu olan RTÜK tərəfindən irəli sürülüb. Lakin regionda baş verən proseslər, habelə 2020-ci ildən dünyanı cənginə alan pandemiya bu məsələnin inkişafı prosesini ləngidib.
Sonra çıxış edən TDT Baş katibinin müavini Ömər Kocaman diqqətə çatdırıb ki, hazırda Türkiyə ilə Azərbaycan arasında media və informasiya sahəsində mübadilələr mövcuddur: “Bir çox sahədə olduğu kimi, media sahəsini də inkişaf etdirmək əhəmiyyətlidir. Təşkilat olaraq ölkələrimizə dair informasiyaları dünyaya düzgün şəkildə çatdırmaq niyyətindəyik. Məqsədimiz dezinformasiyaların qarşısını almaqdır. Hazırkı dönəmdə audiovizual medianın mühüm əhəmiyyəti var. Biz bunun vasitəsilə türk dünyasında məsafələri qısaltmışıq”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmsal media ilə iş sektorunun müdiri Elmir Vəlizadə qeyd edib ki, TDT çərçivəsində üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafı həmin tendensiyanın televiziya və radio yayımının tənzimlənməsi sahəsində əməkdaşlığa da təkan verir.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışında bildirib ki, hazırda rəqəmsal media məkanı gündən-günə genişlənməkdə və ölkələrin milli informasiya mühitinə öz təsirini göstərməkdədir. Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiya mübadiləsi prosesi demək olar bütün ölkələri əhatə edir. İcraçı direktor deyib: “Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi beynəlxalq informasiya mübadiləsinə hesablanmış tədbirlər görür. Bu il Şuşada keçirilən beynəlxalq forumda dünyanın 20-yə yaxın ölkəsindən gəlmiş xarici media nümayəndələri və ekspertlər, beynəlxalq media təşkilatlarının təmsilçiləri ilə müasir media mühitinə dair bütün aktual mövzular ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyası dünyamızın reallıqları fonunda daha böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur”.
Vurğulanıb ki, Medianın İnkişafı Agentliyi fəaliyyətinin beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün də tədbirlər görür.
Daha sonra Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistanın media nümayəndələri çıxış edərək audiovizual medianın əhəmiyyətindən danışıblar. Media sahəsindəki həmrəyliyin ölkələrimiz arasında düzgün məlumatların, informasiyaların dünyaya çatdırılmasında vacibliyi vurğulanıb.
Sonda üzv və müşahidəçi ölkələrin audiovizual media sahəsi ilə bağlı təqdimatları nümayiş etdirilib.