Oktyabrın 28-də Azərbaycan İstiqlal Muzeyində “Uşaq hüquqları haqqında Konvensiya” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri muzeyin Elmi-kütləvi işlər şöbəsinin elmi işçisi Səbinə Babazadə açaraq “Uşaq hüquqları haqqında Konvensiya” və uşaq hüquqlarının təmin edilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən dövlət siyasətindən bəhs edib. Bildirilib ki, konvensiya uşaqlarla bağlı insan hüquqlarının bütün məcmusunu (mülki, siyasi, iqtisadi, sosial, mədəni) əks etdirir. Konvensiya BMT Baş Assambleyası tərəfindən 1989-cu il noyabrın 20-də qəbul olunub və 1990-cı ilin sentyabrında qüvvəyə minib. Konvensiyanın 54 maddəsində 18 yaşdan aşağı hər bir uşağın insan hüquqlarına hörmət olunması və müdafiə edilməsi təsvir edilir.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü, hüquqşünas Zaur İbrahimov, “Müasir Azərbaycan” İctimai Birliyinin sədri Kəmalə Muradova, uşaq inkişafı üzrə mütəxəssis Ayşən Səmədova mövzu ilə bağlı fikirlərini bölüşüblər.

4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri uşaq hüquqları ilə bağlı bədii kompozisiya təqdim ediblər.