2022-ci ilin ilk 9 ayında Türkiyəyə 40,2 milyondan çox xarici turist gəlib. Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyəyə ən çox əcnəbi qonaq Almaniya, Rusiya Federasiyası və Böyük Britaniyadan gəlib.

Almaniyadan gələn ziyarətçi sayı bu ilin yanvar-sentyabr aylarında pandemiyalı 2021-ci ilin eyni dövrünə görə təxminən iki dəfə artaraq 4 milyon 528 min nəfər təşkil edib. Rusiyalı turistlərin sayı bu ölkənin mülki aviasiya sahəsində məlum problemləri (Ukraynada apardığı müharibə səbəbindən) səbəbindən bu il cəmi 12 faiz artaraq 3 milyon 865 min nəfər olub. Böyük Britaniyadan gələn turist sayı 2 milyon 817 min təşkil edib. Siyahıda sonrakı iki yeri Bolqarıstan və İran turistləri tutur.

Türkiyə Statistika Təşkilatının açıqladığı 9 aylıq məlumatda isə sentyabr ayında ölkəyə 5 milyon 436 mindən çox əcnəbi vətəndaş səfər edib.

2022-ci ilin üçüncü rübündə ölkə turizmdən 17 milyard 952 milyon dollar gəlir əldə edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 faiz artımdır. Türkiyənin bu ilin 9 ayda toplam turizm gəliri 35 milyard dolları ötüb.

Mehparə Sultanova
Ankara