Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin növbəti konserti keçirildi. “Baxa qayıdış” adlı musiqi axşamında pianoçu Zakir Əsədov dahi alman bəstəkarı İ.S.Baxın həyatının son dayanacağı olan Leypsiq şəhərində yazdığı üç konsertini orkestrlə birgə ifa etdi.

Zakir Əsədovun temperamentli ifası, yüksək bədii zövqü, İ.S.Bax musiqisinin incə lirizmi, solğun melanxoliyası və bütün bunların fonunda Barokko dövrünün aristokrat ruhu dinləyiciləri sanki XVIII əsrin sakit Leypsiq mühitinə aparmışdı.

Əks klassik musiqi gecələrinə öz sosial şəbəkə hesabında münasibət bildirən musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə bu konsertlə bağlı yazır: “Pianoçu Zakir Əsədov heyrətamiz idi. Nadir üslub duyumu, zövq, dinamikanın zərgər dəqiqliyi ilə tənzim olunması! İ.S. Bax isə... dinləyirdim və o fantastik yönəlmə və modulyasiyalardan nəfəsim kəsilirdi. E-dur konsertinin II hissəsində sanki özümü bir labirintdə hiss etdim. Amma o, bələdçilik etdi və sonucda yol göstərdi... Məni sevindirdi ki, Muğam Mərkəzinin salonu, demək olar ki, tam dolmuşdu. Özü də dinləyicilərin əksəriyyəti cavanlar idi. “Cadenza”nın öz auditoriyası formalaşır. Bizim istedadlı ifaçılar da belə konsertlərdə çıxış edərək öz sənətlərini musiqisevərlərlə bölüşmək şansı qazanırlar. Əsl musiqi adamı olan Zakir Əsədovun ifası böyük rəğbət və ehtiram doğurur. Davamlı olsun!”.

Qeyd edək ki, Zakir Əsədov Bülbül adına Orta İxtisas Musiqi Məktəbində in fortepiano üzrə təhsil alıb. Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavr və magistr pillələrini bitirib. Respublika və beynəlxalq müsabiqələr laureatı olan ifaçı 2006-2013-cü illərdə “Con tempo”nun solisti olub. Fortepiano konsertləri də daxil olmaqla, 50-yə yaxın müxtəlif həcmli piano əsərinin ilk ifaçısıdır. O, həmçinin “Georgi Şaroyev fenomeni” adlı monoqrafiyanın müəllifidir.

Lalə