Hellouin bayramı izdihamında 156 nəfər həlak olub

 

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının (“Əcinnələr, cadular günü”) qeyd edilməsi zamanı faciənin baş verdiyi döngədə yerləşən hotelin terrasının qanunsuz olaraq artırıldığı məlum olub.

Yerli medianın məlumatına görə, “Hamilton” hotelinin terrasının qanunsuz uzadılması faciə baş verən döngənin eninin azalmasına səbəb olub. Bayram izdihamı zamanı faciə də bu dar döngədə baş verib. Ötən il yerli səlahiyyətli qurumlar hoteli qanunsuz artırmaya görə cərimə də edibmişlər.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında Seulda kafe və restoranların, gecə klublarının yerləşdiyi İtavon adlı ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənlikləri zamanı kütlənin 40 metr uzunluğundakı dar, maili döngədən endiyi zaman sıxlıq yaranıb. İzdihamdakı insanlardan bir neçəsinin müvazinətini itirməsi “domino effekti” yaradaraq, digərlərinin də yıxılıb ayaqlar altında qalmasına səbəb olub. Nəticədə 156 nəfər ölüb, 30-u ağır olmaqla 150-dən çox insan xəsarət alıb. Faciə qurbanlarının çoxunun 20-30 yaş arasında gənclər, habelə məktəblilər olduğu bildirilir.

Hadisə ilə əlaqədar yaradılmış fövqəladə qərargahın məlumatına əsasən, ölənlər arasında 14 xarici ölkənin (İran, Çin, Rusiya, ABŞ, Yaponiya, Fransa, Avstraliya, Norveç, Avstriya, Vyetnam, Tailand, Qazaxıstan, Özbəkistan və Şri-Lanka) 26 vətəndaşı var.

Cənubi Koreya Prezidenti Yun Sok Yol faciə ilə əlaqədar ölkədə 5 günlük matəm elan edib. Dövlət başçısı faciənin detallı araşdırılacağını və gələcəkdə oxşar hadisələrin olmaması üçün əsaslı qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib.

Xatırladaq ki, bu, Cənubi Koreyada 2014-cü ildə çoxu məktəbli olmaqla 304 nəfərin ölümü ilə nəticələnən bərə qəzasından sonra kütləvi insan tələfatına səbəb olan ilk böyük hadisədir.

V.Kamal