Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası
   
   Fevralın 22-də “Hilton Bakı” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin “Turizm ili”nin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi. Kollegiyada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə tanıdılması, ölkəyə daha çox turist cəlb olunması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbul edilməsi, turizm sahəsində kiçik və orta sahibkarlığın inkişafı və digər məsələlər müzakirə edildi.
   
   Nazir Əbülfəs Qarayev tədbiri giriş sözü ilə açaraq “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən mühüm işlər görüldüyünü diqqətə çatdırdı. Qeyd olundu ki, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsi turizmin inkişafına münbit zəmin yaradıb. Ötən ilin dövlət başçısı tərəfindən Azərbaycanda «Turizm ili» elan olunması bu diqqətin bariz nümunəsidir: “Bu qərar turizm sənayesinə və bu sahədə çalışan insanların fəaliyyətinə müsbət təsir göstərdi, o cümlədən regionlarda turizmə diqqətin artmasına səbəb oldu. Bu da təsadüfi deyil. Çünki bu gün cənab Prezidentin apardığı siyasətin ana xəttinin ayrılmaz hissəsi olan qeyri-neft sektorunun inkişafında turizmin özünəməxsus yeri, rolu və payı var”.
   Sonra nazir son illər Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi turizm nailiyyətlərindən bəhs etdi. Dünya Turizm Təşkilatının xətti ilə ölkəmizdə keçirilən seminar, treninq və kurslara Azərbaycanla yanaşı, qonşu ölkələrin də böyük maraq göstərdiyini bildirdi.
   «Turizm ili»nin ən vacib yekunlarından biri kimi Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin Azərbaycana səfərindən bəhs edən nazir onun dövlət başçısı İlham Əliyevə təqdim etdiyi məktubun mahiyyətini də diqqətə çatdırdı: «O məktubda Azərbaycan rəhbərliyinin turizmə göstərdiyi diqqət və qayğının düzgün istiqamətləndirildiyi xüsusilə vurğulanır. Heç də təsadüfi deyil ki, Azərbaycan ötən il ilk dəfə olaraq Dünya Turizm Təşkilatının Baş Assambleyası sədrinin müavini seçilib. Ölkəmiz 2001-ci ildən bu təşkilatın üzvüdür və çox sevinirik ki, turizmin inkişafına dair Dövlət Proqramının qəbul olunması, «Turizm ili»nin elan olunması və digər əhəmiyyətli qərarlar qısa müddətdə Azərbaycanın turizm ölkəsi kimi dünyada nüfuzunun artmasına gətirib çıxarıb”.
   Daxili turizmin inkişafının hər zaman diqqət mərkəzində olduğunu deyən nazir bunu ölkədə aparılan turizm siyasətinin nəticəsi kimi qiymətləndirdi: “Əvvəllər heç vaxt bizim turizm sənayemizdə 3-4 mindən artıq insan çalışmırdı. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda bu rəqəm 7-8 min nəfər təşkil edir. Turizm sahəsində çalışan insanlar artıq cəmiyyətdə daha çox tanınırlar, diqqət mərkəzində olurlar. Bu gün hansı televiziya kanalını açsaq, orada turizm mövzusundan bəhs edilir. Tarixi abidələrin qorunmasından tutmuş nəqliyyatın fəaliyyətinə qədər bütün bu sahələrdə çalışan insanların fəaliyyəti turizmlə bağlıdır. Bu da istər-istəməz turizm sahəsində çalışan adamların nüfuz dairəsini genişləndirməklə yanaşı, həm də məsuliyyətlərini artırır”.
   
   * * *
   Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev «Turizm ili»nin yekunlarına dair geniş məruzə ilə çıxış etdi. Son illər respublikamıza xarici turistlərin axınının artdığını qeyd edən şöbə müdiri bildirdi ki, turizm sahəsində aparılan islahatlar, ölkəmizdə mütəmadi beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgilərdə Azərbaycanın yüksək səviyyədə təbliği bu müsbət tendensiyanın başlıca səbəbidir: «2011-ci ildə Azərbaycana 2 milyon 239 min 141 nəfər xarici vətəndaş gəlib ki, onların da 1 milyon 800 mindən çoxu turistlərdir. Hər bir turist Azərbaycanda orta hesabla 618 manat xərcləmişdir. Turizmdən əldə olunan gəlir isə 2010-cu ilə nisbətən 26 faiz artaraq 966,3 milyon manat təşkil etmişdir. 2010-cu ildə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 499 olduğu halda, 2011-ci ildə bu rəqəm 515-ə çatmışdır. Ötən il ölkədəki yataq yerlərinin sayı 33 min 393 olmuşdur. Bu da 2010-cu illə müqayisədə 11,8 faiz çoxdur. Ötən il 30 mehmanxana istifadəyə verilmiş, hazırda isə 45 mehmanxananın inşası davam etdirilir».
   Şöbə müdiri qeyd etdi ki, 2011-ci ildə 39 turizm şirkətinə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Hazırda ölkədə 178 turizm şirkəti fəaliyyət göstərir.
   Azərbaycanda çimərlik turizminin inkişafına da toxunan A.İsmiyev bunun üçün təkliflərin hazırlandığını diqqətə çatdırdı: «Türkiyənin ekspertləri ilə bununla bağlı danışıqlar aparılıb. \"Turizm haqqında\" yeni qanunda çimərlik turizmi yeni fəaliyyət növü kimi qəbul olunduqdan sonra bu sahədə işlər başlanılacaq”.
   A.İsmiyev hesabat məruzəsində keçən il Azərbaycanın turizm sektoruna investisiya qoyulması məqsədilə 102 turizm şirkətinə müraciət olunduğunu da qeyd etdi.
   
   * * *
   Kollegiya iclasında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov turizm sahəsində görülən cari işlər və gələcək inkişaf perspektivləri barədə danışdı. Qeyd olundu ki, ölkənin qeyri-neft sektorunun inkişaf strategiyasının əsas istiqamətlərindən olan turizmin daha konseptual və planlı şəkildə inkişafı qarşıda duran başlıca hədəfdir: “Yaxın 10 ildə hansı perspektivlərin olduğunu və əldə olunacaq nəticələri müəyyən etməliyik. Bildiyiniz kimi, hazırda “Turizm haqqında” yeni qanun layihəsi müvafiq qurumlarla razılaşdırma mərhələsindədir. Layihə ictimai müzakirəyə təqdim olunub. Bu sahədə fəaliyyət göstərən təşkilatlar mart ayının əvvəlinə kimi rəy və təkliflərini irəli sürə bilərlər. Daha sonra qanun layihəsi Dünya Turizm Təşkilatına göndəriləcək. Onlar da öz rəylərini təqdim etdikdən sonra parlamentin müzakirəsinə təqdim olunacaq».
   Nazir müavini Azərbaycanda təkcə ənənəvi yox, həm də alternativ turizm növlərinin inkişafının vacibliyini də diqqətə çatdırdı. Bunlardan biri qış-yay turizm layihəsidir ki, o da dövlət tərəfindən həyata keçirilir.
   N.Səmədov turizm işinin təşkilində planlaşdırılan islahatlardan bəhs etdi: «Artıq bu sahədə müəyyən işlər görülüb. Buna nümunə kimi lisenziyalaşdırma prosesinin təkmilləşdirilməsi və elektronlaşdırılması, elektron məlumatların hazırlanmasını göstərmək olar».
   Nazir müavini çıxışında hazırda Azərbaycanda turizm sahəsində peşəkar kadr qıtlığının olduğunu və bununla bağlı tədbirlər görüldüyünü də bildirdi: «Ölkənin turizm kadrlarına olan tələbatını ödəmək üçün 2012-2016-cı illər üçün Bakı və regional turizm peşə məktəblərinin qurulması və inkişafı haqqında konsepsiya hazırlanır. Həmin konsepsiyaya uyğun olaraq, yaxın 5 il ərzində kadr probleminin həlli üçün bir sıra səmərəli addımlar atılacaq».
   
   * * *
   Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov öz çıxışında “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıqdan danışdı: «Bakıda fəaliyyət göstərən mehmanxanalar Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsinə əsasən, “Eurovision-2012” mahnı müsabiqəsi dövründə, yəni mayın 5-dən 27-dək hotel nömrələrinin satışını dayandırıblar. Məqsəd müsabiqə dövründə mehmanxanalarda qiymət artımının qarşısını almaq və ən əsası, qonaqların ən vacib hissəsi hesab edilən müsabiqə təşkilatçılarını normal yerləşdirməkdir. Hazırda Bakıdakı hotellərdə 11 minə yaxın qonaq yerləşdirmək mümkündür. Müsabiqə çərçivəsində Azərbaycana gələcək rəsmi nümayəndələrin sayı isə 4 minə yaxın olacaqdır. Bunlar müsabiqə iştirakçıları, onları müşayiət edən nümayəndə heyətləri, jurnalistlər, təşkilat komitəsinin üzvləridir. Yerlərin 4 mini rəsmi nümayəndələr üçün saxlanılıb. Qalan 7 min yer isə müsabiqə ilə bağlı Bakıya gələcək turistlər üçün nəzərdə tutulub. İndiyədək “Eurovision”a gəlmək üçün 3 minə qədər turist sifarişi qəbul olunub».
   İclasda çıxış edən Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov «Turizm ili» çərçivəsində ölkədə tədbirlərin yüksək səviyyədə keçdiyini bildirdi: «Bu tədbirlər turizmin inkişafına təkan oldu. Rəqəmlər də bunu əyani şəkildə təsdiqlədi. Ölkədə iqtisadiyyatın sürətli inkişafı fonunda turizmin də inkişafına münbit şərait yaradılır».
   Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ötən ilin «Turizm ili» elan olunmasının əhəmiyyətindən söz açaraq turizmin eyni zamanda sosial-iqtisadi həyatın müxtəlif sahələri ilə bağlı olduğunu vurğuladı.
   
   * * *
   Çıxışlar və məruzələrdən sonra nazir Əbülfəs Qarayev iclasa yekun vurdu. Nazir «Turizm ili» ilə bağlı tədbirlər planının icra vəziyyətinin qənaətbəxş olduğunu bildirdi. Eyni zamanda «Turizm ili» ilə bağlı tədbirlər planının müvafiq bəndləri ilə bağlı nazirliyin şöbələrinə tapşırıqlarını verdi. Turizm şöbəsi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə turizm bələdçiləri üçün Bakı və Abşeron yarımadası haqqında vahid metodiki vəsaitin hazırlanmasını tapşırdı. Suvenir istehsalının, məlumat bazalarının artırılmasında mehmanxana və turizm şirkətlərinin fəaliyyətinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdırdı. Nazir tarixi abidələrin bütün proqramlara daxil edilməsinin məcburi bir addım olduğunu qeyd etdi: “Turizm ili” başa çatsa da, tədbirlər davam edir. Ona görə biz bu bəndlərin icrasını nəzarətdə saxlayırıq. Cənab Prezidentin Azərbaycan turizminin dünya turist bazarında yeri ilə bağlı ifadəsini diqqətinizə çatdırıram: “Azərbaycanı dünya turizm xəritəsində elitar turizmin məkanı kimi görmək arzusundayam. Yüksək standartlara, xidmətlərə müvəffəq olmaq, çox dəyərli brendləri Azərbaycana gətirmək, imkanlı turistlərin Azərbaycana axınını çoxaltmaq lazımdır”.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar