M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Zəfər Günü şanlı tariximizdir!” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, 8 Noyabr – Zəfər Günü münasibətilə ərsəyə gətirilən elektron məlumat bazası “Rəsmi sənədlər”, “Zəfər paradında Prezident İlham Əliyevin nitqi”, “Zəfərlərimiz”, “II Qarabağ müharibəsi şəhidləri”, “Nəşrlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Müharibə iştirakçılarına verilən orden və medallar”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın haqlı mübarizəsində xalqımızın bir yumruq kimi birləşdiyini bütün dünyaya göstərdi. Ordumuzla xalqımızın birliyi və Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrikliyi və qətiyyəti Azərbaycana şanlı Zəfər bəxş etdi. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Bununla da son iki əsrə yaxın bir dövrdə Azərbaycan xalqına qarşı deportasiya, soyqırımı, talançılıq və müharibə cinayətləri törətmiş erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Zefer_gunu/index.html linkindən istifadə edə bilərlər.