Qonşu ölkələrin təmsilçiləri bölgənin qış turizminin özəllikləri ilə yaxından tanış oldular
   
   - Qarsa nə üçün gedirsiniz?
   - Turist kimi, gəzmək istəyirik.
   - Bu soyuqda orada nə edəcəksiniz? Türkiyənin o qədər başqa gəzməli yerləri var ki...
   İstanbul hava limanında sənədlərimizi qeydiyyatdan keçirərkən eşitdiyimiz ilk söz bu oldu. Səfər yoldaşlarım - “Gün.az” informasiya agentliyinin əməkdaşı Pərvanə Sultanova və “Spektr Travel” turizm şirkətinin satış meneceri Nicat Abdullayevlə birlikdə bu sözlərdən ani bir məyusluq keçirsək də, bunu büruzə vermədən Qarsa yola düşdük. Qonaq olduğumuz 5 gün ərzində bu bölgədə gördüklərimizi oxucularla bölüşməyə çalışacağıq.
   Beləliklə, Qarsda fəaliyyət göstərən Serhat İnkişaf Agentliyinin təşkilatçılığı və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə baş tutan səfərimiz Qars hava limanında qarşılanma mərasimi ilə başladı.
   
   Qars hər fəsildə gözəldir
   
   Səfərdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Ukrayna, Rusiya, Gürcüstan və İrandan jurnalistlər və turizm şirkətlərinin əməkdaşları iştirak edirdilər. Hava limanında bizi Serhat İnkişaf Agentliyinin turizm layihələrinin idarə olunması üzrə mütəxəssisi Uğur Çalışkan, qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Mukadder Yardımcıel və Kars Universitetinin azərbaycanlı professoru Xurşid İsayev qarşıladı.
   Səfər proqramımızla bağlı məlumatları elə avtobusdaca Uğur Çalışkandan aldıq. Uğur bəy bildirdi ki, təmsil etdiyi qurum ictimai birlik kimi yaransa da, sonradan dövlət onların layihələrini dəyərləndirərək maliyyələşdirməyi öz üzərinə götürüb. Onun sözlərinə görə, səfəri təşkil etməkdə əsas məqsədləri Qars bölgəsinin turizm potensialını tanıtmaqdır. Yay turizm mövsümü ərəfəsində də belə bir turun keçirilməsinin nəzərdə tutulduğunu deyən həmsöhbətimiz qeyd etdi ki, növbəti dəfə iştirakçılara mədəni və təbiət turizminin imkanları təqdim olunacaq: «Qars bölgəsi hər fəsildə gözəldir. Biz də çalışırıq qonaqlarımıza bu gözəlliyi çatdıra bilək. Bölgədə turistlərə təqdim etmək üçün hər fəsilə uyğun xidmətlər nəzərdə tutulur. Burada yerləşən hotellər də öz işlərini buna müvafiq olaraq qurublar”.    

   Ötən il Qarsı 39 min turist ziyarət edib
   
   İlk dayanacağımız Sarıqamış rayonunda, Ərzurum-Qars yolunun üzərində yerləşən beşulduzlu «Toprak» hoteli oldu. 2005-ci ildə açılan hotel ilin bütün fəsillərində istirahət, o cümlədən qış turizmi üçün hər cür şərait və imkanlara malikdir. Hoteldə 145 nömrə, 320 yataq yeri, 500 nəfərlik böyük konfrans zalı mövcuddur. Sarıqamışın mərkəzində yerləşən böyük hotellərdən biri də dördulduzlu «Bildik» hotelidir. Səfərimizin birinci günü burada axşam yeməyindən sonra Sarıqamış bələdiyyə başkanı İlhan Özbilən və onun müavini Ərdoğan Turan Ermişin iştirakı ilə kiçik bir toplantı düzənləndi.
   İlhan Özbilən qonaqlara təşəkkürünü bildirərək qeyd etdi ki, Türkiyə yaxın qonşuları ilə bütün sahələrdə əməkdaşlıqda həmişə maraqlıdır. Onun sözlərinə görə, bu əməkdaşlığı xüsusilə turizm sahəsində genişləndirmək niyyətindədirlər: «Hazırda bizim hədəfimiz Azərbaycan, Gürcüstan, İran, Rusiya və Ukraynadan bölgəmizə turist axınına nail olmaqdır. Elə sizlərə də əziyyət verib buraya dəvət etməkdə əsas məqsədimiz bölgəmizin qış turizm imkanlarının təqdimatını keçirməkdir”.
   Ərdoğan Turan Ermiş çıxışında Türkiyənin turizm sahəsində dünya ölkələri içərisində 9-cu yeri tutduğunu bildirdi. Qeyd etdi ki, 2011-ci ildə Türkiyəni 25 milyona yaxın turist ziyarət edib ki, bunun da 39 min nəfəri Qars bölgəsinin payına düşür: “Biz bu göstəricini çox kiçik hesab edirik. Ona görə də bölgənin turizm potensialının artırılması üçün böyük səylər göstəririk. Bu işdə bizə dövlət də yaxından köməklik edir. Burada iş qurmaq istəyən sahibkarlara ilkin vaxtlarda böyük güzəştlər edilir, məsələn, işçiləri pulsuz sığorta edilir, vergi alınmır, qaz, işıq və digər kommunal xərclərində güzəşt olunur, iri investisiya layihələrinin müəyyən hissəsi dövlət tərəfindən ödənilir”.
   Sonra Ərdoğan bəy Sarıqamış haqqında məlumat verdi. Onun sözlərinə görə, rayon ərazisində bir beşulduzlu, bir dördulduzlu və 3 üçulduzlu hotel fəaliyyət göstərir. Bundan əlavə, şəhər mərkəzində kiçik butik hotellər də var. Ümumilikdə bu hotellərdə 1000 nəfər turisti eyni zamanda qəbul etmək mümkündür. Hazırda tikilən hotellər istifadəyə verildikdən sonra isə bu say 1250 nəfəri keçəcək.    

   Sarıqamış dağ-xizək mərkəzi turistlərin sevimli yeridir
   
   Səfərimizin ikinci günü «Torpaq» hotelin yaxınlığında yerləşən Sarıqamış dağ-xizək turizm mərkəzindən başladı. Bu mərkəz Türkiyənin 5 tanınmış xizək mərkəzindən biridir. Mərkəzdə bir neçə kanat yolu var. Birinci kanat yolu turistləri 2634 metr yüksəklikdə yerləşən Bayraqtəpə (əvvəllər buranı Cımbıltəpə adlandırıblar) dağına qaldırır. Buradan arzu edənlər digər kanat yolu ilə ya «Toprak» hotelinə, ya da ki, Qaranlıqdərə adlanan çökəkliyə gedə bilərlər.
   Kanat yolları 1 saat ərzində 2400 nəfəri daşımaq imkanına malikdir. Qaranlıqdərə çökəkliyində fəaliyyət göstərən kiçik kafedə qonaqlara ayaqüstu yeməklər və isti çay təklif edilir. Onu da qeyd edək ki, «Toprak» hotelinin içərisində xizəklə sürüşmək istəyənlərə lazım olan bütün ləvazimat təqdim edilir. Üstəlik, bu işin mütəxəssisləri sürüşməyi bacarmayanlara kömək edir. Bu xidmətlərin hamısı «Toprak» hotelinin təklif etdiyi paketə daxildir.
   Qrupumuz Qaranlıqdərə çökəkliyindən Sarıqamış rayon mərkəzinə atlara qoşulmuş xizəklərlə gəldi. Burada Sarıqamış mədəniyyət evini ziyarət etdik. Mədəniyyət evi Rasim adlı şəxs tərəfindən yaradılıb. O, ölkənin müxtəlif bölgələrindən qədim samovarları, silahları, saxsı və mis qabları, musiqi alətlərini, toxuculuq nümunələrini toplayaraq buraya gətirib. Mədəniyyət evində 1000-dən artıq eksponat toplanıb. Onlardan ən qədiminin 300 yaşı var. Rasim bəy müxtəlif musiqi alətlərində ifa etməklə bərabər, onlardan bəzilərini düzəldə də bilir. Gələn ziyarətçilərini isə kiçik qızlarının köməyi ilə mütləq isti çaya və Türkiyə mətbəxinə aid şirniyyatlara qonaq edir.
   Getdiyimiz ikinci məkan Sarıqamış bələdiyyəsinin mərkəzi idarəsi oldu. Burada kiçik suvenir mağazası fəaliyyət göstərir. Sarıqamış bələdiyyə başkanının müavini Ərdoğan Turan Ermiş bildirdi ki, mağazadakı əşyalar evdar qadınlar tərəfindən düzəldilmiş əl işləridir. Bunların satışından əldə edilən gəlirlər qadınlar cəmiyyətinə təhvil verilir.
   
   (Ardı var)
   
   Fəxriyyə Abdullayeva,
   Bakı-Qars-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar