Respublika Uşaq Kitabxanası sərgi təşkil edib

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Kiçik ürəklərdə Zəfər rəngləri” adlı uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət sərgi açılıb.

Sərgidə 2020-ci ilin Vətən müharibəsində işğaldan azad edilmiş yurd yerlərimizi – əbədi, əzəli Azərbaycan torpaqlarını, Şuşa şəhəri, Xudafərin körpüsü, üçrəngli bayrağımızı, xarıbülbülü, qəhrəman Azərbaycan əsgərlərini əks etdirən 80-dən çox nümunə nümayiş olunub.

Ekspozisiyada paytaxtdakı 201, 144 nömrəli tam orta məktəblər, 43, 49 nömrəli liseylər, 3 və 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzləri və Zəngi liseyi şagirdlərinin, Azərbaycan Gəncliyə Yardım Fondunun, İncəsənət Gimnaziyasının dərnək üzvlərinin çəkdikləri rəsmlər yer alıb.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova 44 günlük Zəfər tarixini tərənnüm edən istənilən layihənin əhəmiyyətini vurğulayaraq, Azərbaycan əsgərinin döyüş rəşadətinin gənc nəslə örnək olduğunu söyləyib. Qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq tarixdə əbədi qalacaq.

Xalq rəssamı Arif Hüseynovun, digər qonaqların iştirak etdikləri tədbirdə Vətən müharibəsinin qaziləri də ürək sözlərini bölüşüblər.

Tədbirin bədii hissəsində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri musiqi nömrələri ilə çıxış ediblər.

Sonda uşaqlara Akademik Milli Dram Teatrı və Gənc Tamaşaçılar Teatrında “Zəfər yolu” və “Sindbad” tamaşalarını izləmək üçün biletlər hədiyyə olunub.