Şəmkir Regional Mədəniyyət İdarəsi (RMİ) Daşkəsən rayon Mədəniyyət Mərkəzində Azərbaycan Aşıqlar Birliyi (AAB) Daşkəsən bölməsinin yaradılması ilə bağlı tədbir və Aşıq Hüseyn Qoşqarlının xatirəsinə həsr olunan konsert keçirilib.
Tədbirdə çıxış edən Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev ölkə rəhbərliyi tərəfindən mədəni irsə, o cümlədən aşıq sənətinə göstərilən diqqət və qayğıdan söz açıb. İcra başçısı Aşıqlar Birliyinin Daşkəsən bölməsinin yaradılmasını təqdirəlayiq addım kimi qiymətləndirib.
AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qurumun fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, Daşkəsəndə aşıq sənəti bundan sonra da inkişaf edəcək.
Birliyin Daşkəsən bölməsinin rəhbəri Saleh Tağıyev göstərilən köməkliyə görə rayon İcra Hakimiyyəti və AAB-nin rəhbərliyinə təşəkkür edib.
Sonra rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə daşkəsənli aşıqların ustad Aşıq Hüseyn Qoşqarlının xatirəsinə həsr olunan konserti keçirilib. Aşıqların bir-birindən rəngarəng çıxışları alqışlarla qarşılanıb.