Milli İncəsənət Muzeyi “Cartier” zərgərlik evinin dəstəyi ilə bərpa olunmuş əsərləri təqdim edib

 

Azərbaycanın maddi mədəniyyət nümunələri, o cümlədən zərgərlik əşyaları hər zaman öz orijinallığı və zərifliyi ilə diqqəti cəlb edir. Azərbaycan Milli İncəsənət Muzeyi dünyaca məşhur “Cartier” zərgərlik evinin dəstəyi ilə kolleksiyasındakı daha üç sənət əsərini bərpa edib.

Restavrasiya işləri XIX və XX əsrlərə aid nümunələr – rəngli daşlarla bəzədilmiş, gümüş və metaldan hazırlanmış qadın kəməri, buta elementləri ilə bəzədilmiş tacşəkilli baş bəzəyi, gəlinin toy ərəfəsində bəzək əşyalarını saxladığı mücrü üzərində aparılıb. “Azərsuvenir” MMC-dən muzeyə dəvət olunan peşəkar mütəxəssis – şəbəkəçi zərgər tərəfindən üç ay müddətində tarixi əşyaların bərpası həyata keçirilib.

“Cartier”in Rusiya və MDB üzrə idarəedici direktoru Yanina Novitskaya bildirib ki, şirkət zəngin tarixi boyunca müxtəlif incəsənət formalarından, dünya mədəni irsindən ilhamlanaraq bu dəyərli irsi gələcək nəsillər üçün saxlamağa çalışır. İslam mədəniyyəti “Cartier”in estetik dəyərlərinə böyük təsir göstərib. O, Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlıqdan qürur duyduğunu və bu layihənin Şərqin zərif tətbiqi sənətinə diqqət cəlb edəcəyini vurğulayıb.

Muzeydə bərpa edilən eksponatlar xalq ustalarının, mahir zərgərlərin əl işləridir. Tədqiqatlar göstərir ki, Azərbaycanın milli geyim mədəniyyətində qadın zinət əşyaları xüsusi yerə malik olub. Toy zamanı gəlinin üzərindəki bəzəklər ailəsinin cəmiyyətdəki statusunu vurğulayırdı. Zinət əşyaları arasında kəmər və baş bəzəyi xüsusi əhəmiyyət kəsb edirdi. Kəmər gənc qadının həyatının bir mərhələdən digərinə keçidini simvolizə edirdi. Adətlərə görə toy günü kəməri gəlinin belinə ya qardaşı, ya da atası taxırdı. Gəlinə cehiz kimi mücrü də verilməli idi. Gəlin ərinin ona verdiyi zinət əşyalarını orada saxlayırdı. Mücrü nə qədər dəbdəbəli görünüşə malik olardısa, onun içindəki zinət əşyaları da bir o qədər qiymətli olardı.

“Toy mərasimi Azərbaycan xalqının ölməz və unudulmaz adət-ənənələrindən biridir. Bu ənənələrdə xalqın gözəllik sevgisi özünü aşkar şəkildə ifadə edir. Bu əşyaların hər biri öz dövrünün estetikasını simvolizə edir, xalq adətlərinin gözəlliyindən xəbər verir. Bu zinət əşyaları həm ailələrin tarixini, həm də əbədiyaşar xalq yaradıcılığını özündə təcəssüm etdirir”, - deyə Milli İncəsənət Muzeyinin direktoru, rəssam, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev bildirib.

Bakı muzeyi üçün bu əlamətdar hadisə fərqli mədəniyyətlərin bədii üslubunun yaradıcı interpretasiyasına can atan Paris zərgərlik evinin 175 illik tarixinin yeni sətri oldu. Bu yaxınlarda Dekorativ İncəsənət Muzeyində (Paris) keçirilən “Cartier və İslam incəsənəti. Müasirlik axtarışında” sərgisi bunu bir daha sübut edir ki, Şərq mədəniyyəti evin üslub və repertuarının inkişafına ciddi təsir göstərib. Həmin ekspozisiyada Şərqin XX əsrin əvvəllərindən bu günə qədər fransız zərgərlik evinin üslubuna təsirini əks etdirən 500-dən çox eksponat təqdim olunub.

“Dekorativ-tətbiqi sənət əsərlərində: xalçalarda, tikmələrdə, bədii işləməyə malik metalda, zərgərlikdə xalqın dünyagörüşü, fəlsəfəsi özünü ən bariz şəkildə göstərir. İncəsənət əsərlərinin düzgün bərpası və konservasiyası muzeylərin ən mühüm vəzifələrindən biridir və “Cartier evi”nin buna köməklik göstərməsi çox yaxşı haldır. Təbii ki, bu eksponatların hər birinin yüksək bədii, elmi və tarixi əhəmiyyəti var”, - deyə Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva bildirib.

Azərbaycan Milli İncəsənət Muzeyinin “Cartier” evi ilə yaradıcı əməkdaşlığı diqqəti bir daha Şərq tətbiqi sənətinə cəlb edəcək. Ekspozisiyaziyarətçilərin bərpa olunmuş əşyalardan mənəvi zövq alması və müxtəlif dövrlərin ustad sənətkarları ilə tanış olması üçün gözəl fürsətdir. Layihənin məqsədi sənətkarlıq və mədəni irsin gələcək nəsillər üçün qorunub saxlanılmasıdır.

Qeyd edək ki, “Cartier” evi və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2019-cu ildə Azərbaycan Dövlət Kukla Teatrında “Yeddi nar çubuğu” xalq nağılının motivlərinə əsaslanan tamaşa səhnələşdirilib. 2021-ci ildə Azərbaycan Xalça Muzeyinin iştirakı ilə Rusiya Dövlət Ermitajında “Görünməyən incəsənət. İmkanların sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi təşkil olunub. Həmçinin 2021-ci ildə Bakının tarixi və memarlıq abidələri haqqında onlayn bələdçi sistemi yaradılıb.