Bölgədə həm yay, həm də qış turizminin inkişafı üçün geniş potensial var
   
   (əvvəli ötən sayımızda)
   
   Təşkilatçıların proqramına uyğun olaraq, səfərimizin 3-cü günü Qarsla qonşu olan Ərdahan vilayətinə yola düşdük. Şərqi Anadolunun şimalında yerləşən bu diyar minillik tarixə malikdir. Ərdahan Gürcüstan və Ermənistanla həmsərhəd olduğundan böyük strateji əhəmiyyətli coğrafi məkan hesab edilir. Digər tərəfdən isə bu ərazidə turizmin, demək olar ki, bütün növlərinin inkişafı üçün potensial mövcuddur.
   
   Çıldır gölü üzərində balıq ovunun ayrı ləzzəti var
   
   Ərdahan şəhərinə gedərkən yolumuz Çıldır gölünün yanından keçirdi. Van gölündən sonra Şərqi Anadolu bölgəsinin ən böyük gölü hesab edilən Çıldır gölü Ərdahan şəhərindən 45 km məsafədə, dəniz səviyyəsindən 1959 metr yüksəklikdə yerləşir. Gölün ümumi sahəsi 123 kvadratkilometrdir. Şirin suyu olan Çıldır gölündə 16 balıq növü yaşayır. Burada həm yaz, həm də qış aylarında balıq ovlamaq mümkündür.
   Gölün içərilərinə doğru getdikcə Akçakala adasının gözəlliklərini görmək mümkündür. Qış fəslində bu o qədər hiss edilməsə də, yaz və yay aylarında bölgəyə səfər edən turistlər mütləq bu yerə baş çəkirlər. Adada bir çox quş növlərinə də rast gəlinir.
   Biz Çıldır gölünə çatanda havanın şaxtalı olmasına baxmayaraq, gölün üzərində balıqçılar gözə dəyirdi. Qış olanda gölün üzərində 1 metr qalınlığında buz təbəqəsi əmələ gəlir. Amma bu, balıq ovu həvəskarlarını qətiyyən narahat etmir. Onlar bu buz qatını deşərək balıq ovlayırlar. Üstəlik, arzu edənlər gölün üzərində atlara qoşulmuş xizəklərlə sürüşə bilirlər. Serhat İnkişaf Agentliyinin əməkdaşlarının köməyi ilə biz də Çıldır gölü üzərində xizəklə sürüşmək və qalın buz qatı altından balıq ovlamaq fürsətindən istifadə etdik. Sonra isə gölün lap yaxınlığında yerləşən «Atalayın yeri» kafesində göldən tutulmuş balıqların dadına baxdıq. Yeri gəlmişkən, qeyd edim ki, ilin bütün fəsillərində buraya gələn turistlərə bu xidmətlər təklif edilir.
   
   Cənnət görmək istəyən yayda Ərdahana gəlsin
   
   Nahardan sonra isə avtobusumuz Ərdahan şəhərinə tərəf istiqamət götürdü. Burada ilk ziyarət etdiyimiz məkan Ərdahan qalası oldu. Qalanın tarixi məlum olmasa da, ehtimallara görə, Səlcuqlar zamanında inşa edilib. Hazırda qala divarları bərpa edilir.
   Bizi qalanın içərisində yerləşən kiçik ofisdə Ərdahan vilayətinin bələdiyyə başqanı Faruk Göksoy və Ərdahan valisinin müavini Sedat Yıldırım qarşıladı. Çay süfrəsi arxasında davam edən görüşdə hər iki məmur bizi maraqlandıran suallara cavab verdilər.
   Ərdahan valisinin müavini Sedat Yıldırım bildirdi ki, vaxtilə bu şəhər Qars bölgəsinin mərkəzi olub. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Ərdahanda son illər turizm inkişaf etməyə başlayıb: «Ərdahanda əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Amma biz turizm sahəsini də inkişaf etdirmək istəyirik. Burada qış turizmi üçün əlverişli şərait mövcuddur. Çünki bura yağan qar dənəvari, “kristal qar” olur. Bu isə xizək turizmi həvəskarları üçün çox əlverişlidir. Hazırda Ərdahanda böyük dağ-xizək turizm mərkəzi inşa olunur. Bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir və bunun üçün qurum 10 milyon avro ayırıb. Mərkəzdə Türkiyədə ən uzun kanat yolu tikiləcək. Yolun uzunluğu 5 kilometr olacaq».
   Ərdahan vilayətinin bələdiyyə başqanı Faruk Göksoy bildirdi ki, bu bölgə Qafqazın qapısı hesab edilir. Vilayətdə 1600 növdə bitkiyə rast gəlmək mümkündür. Burada irili-xırdalı 12 çay yatağı, müxtəlif balıq və quş növləri var: «Bütün bunlarla yanaşı, qədim tarixə malik mağaralar, qüllələr, qalalar bu diyarı eyni zamanda təbiət və mədəni turizm həvəskarları üçün də sevimli məkana çevirir. Ərdahanda arıçılıq geniş inkişaf etdirilib. Bu bölgənin balı bütün Türkiyədə tanınır. Hər ilin avqustunda Ərdahanda beynəlxalq bal festivalı keçirilir».
   F.Göksoy qeyd etdi ki, yaz və yay aylarında Ərdahanın bir ayrı gözəlliyi var: «Bu mövsümdə Ərdahana gələn turistlərə meşə gəzintiləri, müxtəlif tarixi abidələrə turlar, Çıldır gölündə qayıqla səyahət təklif edilir. Vilayətdə ümumilikdə 20-yə yaxın hotel fəaliyyət göstərir. Bir neçə hotelin tikintisi də davam edir. Bir sözlə, cənnət görmək istəyən yayda Ərdahana gəlsin».
   Toplantı bitdikdən sonra yenidən Qars şəhərinə qayıtdıq.
   
   Qars Muzeyində tarixi 2 milyon il olan eksponat var
   
   Qars Türkiyənin ən qədim şəhərlərindən biridir. Şəhərin tarixi e. ə. 130-cu ildən başlayır. Tarixin müxtəlif dönəmlərində Qars Hurri, Urartu, Skit, Sasani, Roma, Bizans, Səlcuqlar, Ağqoyunlu, Qaraqoyunlu və Osmanlı tayfa və dövlətlərinin hakimiyyəti altında olub. Elə buna görə də burada müxtəlif mədəniyyətlərin nümunələrinə rast gəlmək mümkündür. Bunun ən bariz nümunələri isə Qars Muzeyində toplanıb. Muzeyin əsası 1959-cu ildə qoyulsa da, 1981-ci ildən fəaliyyət göstərir. Muzeydə 9 bölmə var. Arxeoloji bölmədə daşdan hazırlanmış əl baltaları, çaxmaqdaşı, deşici və kəsici alətlər, 2 milyon il əvvəl yaşamış dinozavr sümükləri və s. sərgilənir. Bundan əlavə, muzeydə Qədim tunc dövrü əsərləri, Etnoqrafiya salonu, Urartu dövrü əsərləri, Sikkələr, Roma və Bizans dövrü əsərləri, Səlcuq dövrü əsərləri və s. bölümlər mövcuddur.
   Səfərimizin 4-cü günü Qars Muzeyini ziyarət edib İqdır vilayəti istiqamətində hərəkət edirik. Yolboyu görünən mənzərələr insanı valeh edirdi. Hər tərəf bəmbəyaz qarla örtülmüşdü. Bu bəyazlığın içərisində ilan kimi qıvrılan yollar elə qəribə görünürdü ki, sanki yolçuları sonsuz ümmana aparırdılar. Dayanacağımız isə Ağrı dağının ətəyində yerləşən İsak Paşa sarayı idi.
   
   İsak Paşa sarayında dünyanın ilk qızdırıcı sistemindən istifadə edilib
   
   İsak Paşa sarayı zəngin arxitekturasına görə Türkiyədəki tarixi abidələr içərisində özünəməxsus yer tutur. Memarlıq baxımından türk saraylarına bənzərliyi olan sarayın əsası 1685-ci ildə İsak Paşanın atası Çolak Abdi Paşa tərəfindən qoyulub. Tikinti 1784-cü ildə oğlu İsak Paşa tərəfindən sona çatdırılıb.
   Qayalıqlar arasında tikilən sarayın sahəsi 7600 kvadratmetrdir. İsak Paşa sarayı dünyanın ilk qızdırıcı sisteminin istifadə edildiyi məkan kimi də tanınır. Binada qədim kanalizasiya, su və istilik sistemləri hələ də qalır. Saray 116 otağı, türbəsi, məscidi, divarları, divan və hərəm salonları, daxili və xarici avluları ilə qartal yuvasına bənzədilir. İsak Paşa sarayında 4 zindan var. İç-içə yerləşən bu zindanların sonuncusu ən qaranlıq zindandır. Tarixçilərə görə, bura ağır günahı olan insanlar üçün nəzərdə tutulubmuş.
   Hazırda təmir-bərpa işləri aparılan İsak Paşa sarayı bölgəyə gələn turistlərin ən çox ziyarət etdiyi tarixi məkanlardan biridir.
   
   (ardı var)
   
   Fəxriyyə Abdullayeva
   Bakı-Qars-Bakı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar