Mədəniyyət Nazirliyi ilə Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanlarının tarix-memarlıq abidələrinin mühafizəsi sahəsində əməkdaşlığına həsr olunmuş görüş keçirilib.

Görüşdə paytaxtın ayrı-ayrı rayonlarında tarix-memarlıq abidələrinin ümumi vəziyyətinə və mövcud problemlərə diqqət çəkilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş mühafizə olunan tarix və mədəniyyət abidələrinin siyahısına əsasən, dövlət reyestrinə daxil edilən və Mədəniyyət Nazirliyi tərəfindən yeni aşkar olunan abidələrin müştərək mühafizə tədbirləri ilə bağlı müzakirələr aparılıb.

Nazirlik və yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Eyni zamanda xüsusi mülkiyyətdə olan və yaşayış sahəsi kimi istifadə edilən tarix-memarlıq abidələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılma müddətinin maksimum sürətləndirilməsi və bu istiqamətdə qarşılıqlı əməkdaşlığa dair vahid strateji xəttin işlənib hazırlanmasının zəruriliyi vurğulanıb.