Martın 2-də «Atropat» hotelində turizm sahəsindən bəhs edən dörd yeni kitabın təqdimatı keçirildi. 
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsi müdirinin müavini-Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı Layihəsinin milli əlaqələndiricisi Faiq Qürbətov, nazirliyin mətbuat katibi, «Mədəniyyət» qəzetinin baş redaktoru İntiqam Hümbətov, AHİK-in Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimov, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, mətbuat və turizm ictimaiyyəti nümayəndələri iştirak edirdilər.
   Tədbirdə çıxış edən F.Qürbətov bildirdi ki, Azərbaycanda turizm təhsili sahəsində mövcud olan elmi ədəbiyyat boşluğunu doldurmaq üçün son zamanlar bu sahədə çalışan peşəkar mütəxəssislər tərəfindən bir sıra kitablar tərtib edilib. Onun sözlərinə görə, təqdimatı keçirilən “Beynəlxalq turizmdə işlədilən termin və anlayışların izahlı lüğəti”, “Beynəlxalq turizm hüququ”, “Turizm sektorunda çalışanlar üçün məlumat kitabçası” və “Turizmin davamlı inkişafı yerli planlaşdırma üzrə mütəxəssislər üçün vəsait” kitabları da bu sahədə çalışanlar üçün faydalı vəsait olacaq.
   Sabir Rəhimov müəllifi olduğu və “Mədəniyyət” qəzetinin layihəsi əsasında Azərbaycan və ingilis dillərində çap edilmiş “Beynəlxalq turizmdə işlədilən termin və anlayışların izahlı lüğəti”ndə 3 mindən artıq termin və anlayışın izahının verildiyini bildirdi. Kitabda turizm fəaliyyəti, müştəri xidməti, turların satışı, marketinq, menecment, qiymətləndirmə, bronlaşdırma, ödəmə, yerləşdirmə və qidalanma müəssisələri, xidmət keyfiyyəti və mədəniyyəti və s. mövzularda terminlər, turizm sahəsində işlədilən abbreviatura, aviaşirkətlərin, şəhər və aeroportların beynəlxalq İATA kodları, istifadə olunan ədəbiyyat siyahısı verilib.
   BMT-nin Turizmin İnkişafı Layihəsinin dəstəyi ilə nəşr edilən «Beynəlxalq turizm hüququ» kitabı isə dərs vəsaiti kimi nəzərdə tutulub. Kitabın müəllifi Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi Əmir Əliyev bildirdi ki, nəşrdə turizm sahəsində əməkdaşlığın beynəlxalq hüquqi tənzimlənməsinin (beynəlxalq turizm hüququnun) nəzəri və praktiki məsələləri əksini tapıb.
   Tədbirdə digər kitablar haqqında da məlumat verildi. Qeyd edildi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap edilmiş kitabların hər biri turizm sahəsini dərindən bilən mütəxəssislər tərəfindən hazırlanıb.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsi müdirinin müavini-Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov Azərbaycanda turizm sahəsinə yeni töhfələr verəcək bu nəşrlərin çap edilməsini yüksək qiymətləndirdi və belə layihələrə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmişə dəstək veriləcəyini qeyd etdi.
   «Mədəniyyət» qəzetinin baş redaktoru İntiqam Hümbətov qeyd etdi ki, rəhbərlik etdiyi mətbu orqanda turizm sahəsində baş verən yeniliklər müntəzəm olaraq işıqlandırılır, bu sahədə çalışan mütəxəssislərin fikir və mülahizələrinə geniş yer verilir. O, turizm mütəxəssislərini bundan sonra da öz fikirlərini qəzetin səhifələrində bölüşməyə dəvət etdi.
   F.Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar