Bayram konsertində şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalib əsərləri də səslənib

 

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olundu.

Mədəniyyət Nazirliyi və filarmoniyanın birgə təşkilatçılığı ilə noyabrın 7-də gerçəkləşən konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Oqtay Zülfüqarovun əsərləri ilə yanaşı, şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalib əsərləri də səsləndi.

Konsert proqramı şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra Fikrət Əmirovun möhtəşəm “Azərbaycan süitası” səsləndirildi. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor, Xalq artisti Fəxrəddin Kərimovun idarəsi ilə əsərin birinci hissəsini ifası elə ilk dəqiqələrdən salona sanki bir qələbə ruhu payladı.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova tamaşaçıları salamlayaraq Zəfər bayramı münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, 8 noyabr tarixi xalqımızın ən şanlı günlərindən biridir: “44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində torpaqlarımız düşməndən azad edildi. Ötən il Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi keçirildi. Bu gün həmin müsabiqənin qalibi olan əsərləri də dinləmək imkanı əldə edəcək, qalibləri mükafatlandıracağıq”.

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq artisti Firəngiz Əlizadə xalqımıza şanlı Qələbə yaşadan Ali Baş Komandan və şanlı Ordumuzun şücaətindən söz açdı, bu Zəfərin mədəniyyətimizə təsirindən danışdı: “Bəstəkarlar İttifaqı olaraq gənc bəstəkarları öz sıralarımıza qəbul edirik, cığır açırıq. Onların akademik yolda uğur qazanmaları aldıqları təhsil və öz içlərindən gələn duyğulara bağlıdır. Müasir və akademik musiqi ilə məşğul olmaq çətindir. Bizim musiqi sənətimiz həmişə yüksəklərdə olub. Ötən il keçirilən müsabiqəyə 26 partitura daxil olmuşdu və onlardan 15-i qəbul edilərək dinlənildi. Bu gün biz 3 qalibi mükafatlandıraraq bütün gənc bəstəkarlara uğurlar arzulayırıq”.

Daha sonra müsabiqənin qalibləri elan edildi. Gənc bəstəkar Üzeyir Məmmədova həvəsləndirici mükafat təqdim olundu. II yerə Vətən müharibəsi qazisi bəstəkar Vüqar Məmmədazdə, III yerə Elvin Quliyev layiq görüldü. Müsabiqənin birinci mükafatı isə Tural Məmmədliyə təqdim edildi.

Mükafatlandırmadan sonra konsert proqramı davam etdi. Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) və orkestr vətənpərvərlik notlu əsərləri böyük sevgi və coşqu ilə ifa etdilər. Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım”, “Qara Qarayevin “Zamanın bayraqdarı”, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xoru səsləndikcə bu dahilərlə yanaşı, müsabiqə qalibləri Tural Məmmədlinin “Şuşa fəthi”, Vüqar Məmmədzadənin “İnsan”, Elvin Quliyevin “Qayıdış”ını dinlədikcə musiqimizin köklü ənənələr üzərində davamlı inkişaf etdiyinə şahid olduq. Gənc bəstəkarların əsərləri xüsusi alqışa layiq idi. Və tamaşaçılar onların haqqını, dəyərini öz alqışları ilə təsdiqlədilər.

Lalə Azəri