Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Zəfər sədası" adlı musiqi festivalı keçirildi.

Festival çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə Dövlət Kamera Orkestrinin (bədii rəhbəri və dirijor – Xalq artisti Rafael Bayramov) və "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Sahil Quliyev) birgə hazırladığı bayram konserti təqdim olunub.

Musiqi axşamının tamaşaçıları arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Zeki Öztürk, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov və digər qonaqlar olub.

Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Zəminə Nuriyeva, Rövşən Məmmədov, Əlizadə Malasov, Xəyal Əliyev, Elmir Pişnamazzadə, Vasif Bayramov, Şirxan Cahangirov, Azər Verdiyev və baletmeyster Sənan Cavadov rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Qeyd edək, "Zəfər sədası" musiqi festivalının konsertləri bundan əvvəl Bərdə, Ağdam və Sumqayıtda keçirilmişdi.

 Nurəddin