Ruslan Quliyev: “Treninqlərdə yeni tendensiyalar və innovasiya texnologiyaları ilə yaxından tanış olduq”

 

   Xəbər verdiyimiz kimi, artıq bir aydır ki, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistanın turizm şirkətlərinin təmsilçiləri Amerika işgüzar təcrübələr proqramı (SABİT) tərəfindən təşkil olunmuş treninq proqramında iştirak edirlər. Ölkəmizi bu tədbirdə “Millennium Tourism & Congress DMC”nin direktoru Ruslan Quliyev və “Viktoriy Tour” turizm şirkətinin rəhbəri Vüsal Hacıyev təmsil edir.
   Artıq treninqlər yekunlaşıb. Martıq 4-də Vaşinqtonda bununla bağlı geniş tədbir keçirilib. Tədbir barədə qəzetimizə məlumat verən Ruslan Quliyev bildirdi ki, SABİT proqramı ABŞ Konqresi tərəfindən maliyyələşdirilir və Avropa, Mərkəzi Asiya ölkələrinə bazar iqtisadiyyatına keçiddə texniki yardım göstərilməsini nəzərdə tutur: «Mənə bu treninqlərdə iştirak etmək imkanı yaratdıqlarına görə proqramın rəhbərliyinə təşəkkürlərimi bildirdim. Qeyd etdim ki, 1 ay müddətində bu treninqlərdə çox şey öyrəndik. Demokratiya və bazar iqtisadiyyatına keçid ölkəsi kimi Azərbaycanda ən vacib amillərdən biri inteqrasiya və yüksək ixtisaslı kadrların hazırlanması məsələsidir. Bu treninqlərdə iştirak etməklə yeni tendensiyalar və innovasiya texnologiyaları ilə yaxından tanış olduq. Bu mənə gələcəkdə turizm sahəsində biznes fəaliyyətini çoxtərəfli qurmağa yardım edəcək”.

   R.Quliyevin sözlərinə görə, SABİT-in dəstəyi ilə Vaşinqtonda, habelə Arizona, Tennessi ştatlarında keçirdikləri görüşlər, qeyri-hökumət və qeyri-kommersiya təşkilatları, fondlar, universitetlər, turizm təşkilatları, milli parklar, muzeylər və s. edilən təqdimatlar və təcrübə-fikir mübadiləsi onlar üçün çox faydalı olub: “Bütün görüşlərdə Azərbaycanda turizmin inkişaf dinamikası haqqında iştirakçılara məlumat verdik. Onların diqqətinə çatdırdıq ki, Azərbaycan yalnız neft və qaz ölkəsi deyil”.

   Proqramın əhəmiyyətindən danışan şirkət rəhbəri onu da bildirdi ki, SABİT Azərbaycanın turizm şirkətləri üçün amerikalı partnyorlar ilə əməkdaşlıq üçün çox gözəl bir vasitədir: “Görüşdüyümüz assosiasiyalara gələcəkdə üzv olaraq, onların imkanlarından yararlanmaq, Amerikanın turizm şirkətlərinin iştirak etdiyi beynəlxalq marşrut və layihələrə qatılmaq, bu ölkənin ali təhsil ocaqları ilə təcrübə və tələbə-müəllim mübadiləsini həyata keçirmək, Azərbaycanı yeni bir turizm məkanı kimi amerikalılara tanıtmaq fürsəti əldə etdik. Bir məqamı da qeyd edim ki, treninqlərdə keçmiş SSRİ məkanına daxil olan ölkələrin turizm şirkətlərinin təmsilçiləri də iştirak edirdilər. Onlarla da yaxından əməkdaşlıq qurmaq imkanı yarandı. Hətta bizim «SABİT məzunları 2012» adlı alyans yaratmaq niyyətimiz də var. Bu qurum vasitəsilə ortaq turizm marşrutları yaradaraq bu məhsulu amerikalı tərəfdaşlarımıza təqdim edəcəyik. Məncə, bu çox gözəl bir ideyadır».

R.Quliyev «Millennium Tourism & Congress DMC»nin SABİT proqramının etibarlı və uzunmüddətli tərəfdaşı olacağını da qeyd etdi.

 

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar