Azərbaycanın Türkiyədəki Səfirliyi və səfirliyin nəzdində hərbi attaşelik tərəfindən Ankarada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edib.

Noyabrın 7-də Ankaradakı Quru Qoşunları Məktəbində keçirilən “Qardaşlığımızın zəfəri” adlı mərasimdə Türkiyənin müdafiə naziri Hulusi Akar, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, iki ölkənin millət vəkilləri, şəhid ailələri, qazilər iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin hazırladığı “Tarix yazan Ordu” tarixi-sənədli filmi nümayiş olunub.

Qardaş Azərbaycan xalqının Türkiyə ictimaiyyətinin qəlbində çox özəl yerinin olduğunu vurğulayan nazir Hulusi Akar bildirib ki, xalq, ordu və hakimiyyət birliyi nəticəsində Azərbaycan bu zəfəri ilə bütün dünyaya haqqın, ədalətin qələbə çaldığını sübut edib və bu mübarizə üsulu ən nümunəvi örnəkdir: “Azərbaycanlı can qardaşlarımızın haqlı davalarında hər zaman yanlarında olduq, bundan sonra da eyni şəkildə yanlarında olmaqda davam edəcəyik. Həm meydanda, həm də danışıqlarda bütün platformalarda azərbaycanlı qardaşlarımızın haqqını, hüququnu dilə gətirdik, dilə gətirməkdə də davam edəcəyik.”

Türkiyə və Azərbaycanın Qafqaz bölgəsində sülh, sabitlik və inkişaf yaratmaq cəhdlərindən danışan H.Akar deyib: “2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi əlaqələrimizdə atılan ən mühüm addımlardan biridir. Bu bəyannamədə birliyimizin, qardaşlığımızın və ümumi gələcək hədəflərimizin göstəriciləri yer alıb. Bu bəyannamə çərçivəsində regionda davamlı sülh və əmin-amanlığın yaradılması üçün biz də mümkün olan hər addımı atacağımızı bildirmişik. Azərbaycan və Türkiyənin birlikdə Ermənistana uzatdığı sülh əlinin mahiyyətini qarşı tərəfin əvvəlcə başa düşməsi və sonra lazımi addımların atılması çox vacibdir. Hər kəs, xüsusilə də Ermənistan görməlidir ki, bu addım region üçün vacibdir və bu yolla Qafqaz sülh və sabitlik bölgəsinə çevrilə bilər”.

Milli Məclisdə Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov ərazi bütövlüyümüzün bərpa olunmasında Türkiyənin göstərdiyi dəstəyə görə qardaş ölkəyə təşəkkürünü bildirib: “Vətən müharibəsinin ilk anlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Azərbaycanın yanında olması barədə Bəyanatı xalqımızın inam və mübarizə əzmini zirvələrə qaldırıb”.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə qarşı otuz il ərzində etdiyi haqsızlıqlardan və buna qarşı aparılan mübarizənin uğurla nəticələnməsində Azərbaycan-Türkiyə müttəfiqliyinin önəmli rol oynamasından danışıb.

Tədbirin bədii hissəsində vətənpərvərlik ruhlu musiqilər, ifalar və rəqslər nümayiş edilib.

***

Ankarada 8 Noyabr – Zəfər Günü münasibətilə daha bir tədbir Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilib.

“Qarabağ Zəfəri konfransı: Azadlığa qovuşan əzəli Vətən” mövzulu tədbirdə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açılış nitqi söyləyiblər.

“Aramızdakı qardaşlığın tarix boyunca sarsılmayacağını bu mücadilədə ortaya qoyduğumuz güclü həmrəyliklə bir daha bütün dünyaya nümayiş etdirdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin liderliyində “Bir millət, iki dövlət!” olaraq çiyin-çiyinə yanaşı durduq. Dostluğumuz və qardaşlığımız əbədi olsun, inşallah!”, – deyə Fahrettin Altun bildirib.

Tədbir çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə fotosərgi də açılıb. Fotolarda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin acı nəticələri, erməni terrorizminin izləri əks oliunub. Fotosərgidə həmçinin Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı Zəfər tərənnüm ediılir.

Mehparə Sultanova
Ankara