Abdulla Şaiqin Mənzil-Muzeyində muzeyin nəzdində fəaliyyət göstərən "Vətən" yaradıcılıq dərnəyinin təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirilib.

8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Ülkər Talıbzadə çıxış edərək Vətən müharibəsi zamanı xalqımızın Ali Baş Komandan və Silahlı Qüvvələrimiz ətrafında “Dəmir yumruq” kimi birləşməsindən danışıb.

Direktor mənzil-muzeyin nəzdində yaradılmış "Vətən" yaradıcılıq dərnəyinin rəhbəri, muzeyin əməkdaşı Arzu Nuralıyevanı və dərnəyin ilk üzvlərini fəaliyyətə başlamaları münasibətilə təbrik edib, uğurlar arzulayıb.

İkinci Qarabağ müharibəsi qazisi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Tural Əlizadə döyüşlər zamanı şahidi olduğu hadisələrdən danışıb. O, ölkə başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.

Sonra "Vətən" yaradıcılıq dərnəyi üzvlərinin ifasında vətənsevərlik ruhlu şeirlər, mahnılar səsləndirilib.