Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinski “Bella Çao” adlı sənədli film çəkir. Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə çəkilən film İkinci Dünya müharibəsi zamanı İtaliyada antifaşist Müqavimət Hərəkatının iştirakçısı Tahir İsayev (1922-2001) haqqındadır. Filmin çəkilişləri qəhrəmanın doğulduğu Qazax rayonunda, Birinci Şıxlı kəndindəki ev-muzeyində aparılıb.

Tahir İsayev 1942-ci ildə Şimali Qafqazda, Mozdok ətrafındakı ağır döyüşlərdə yaralanaraq əsir düşüb. Faşistlər tərəfindən Avstriyadakı əsir düşərgəsinə göndərilən Tahir İsayev oradan qaçaraq, İtaliyaya keçir və Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə qoşulub.

Döyüş yoldaşları tərəfindən “Serafino” (Tahir İsrafil oğlu) deyə çağırılan T.İsayev “Fiamma Verdi” beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə faşistlərə qarşı vuruşub. 1945-ci ilin aprelin 25-də Milan şəhərinin faşistlərdən təmizlənməsində qəhrəmanlıq göstərib.

Həmyerlimiz İtaliyanın yüksək dövlət təltiflərinə – “Haribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumilikdə 10-dan çox mükafata layiq görülüb.

“Bella Çao” II Dünya müharibəsində İtaliyada partizanların marş kimi ifa etdikləri italyan xalq mahnısıdır. 1940-cı illərdə dillər əzbərinə çevrilən bu mahnı bütün dünyada məşhurlaşmışdı.

Tahir İsayev 1945-ci ildə müharibədən qayıtdıqdan sonra Gürcüstanda, Rustavi şəhərində yaşayıb, Rustavi Metallurgiya Kombinatında işləyib. O, italyan dilində sərbəst danışmağı və yazmağı bacarırdı. 1967-ci ildə Berqamo Bələdiyyəsinin dəvəti ilə iki həftə İtaliyada olmuş, döyüş yollarının keçdiyi yerləri ziyarət etmişdi.

Ömrünün sonlarında doğma Şıxlı kəndinə köçən Tahir İsayev 2001-ci ildə dünyasını dəyişib. Kənddəki evi hazırda muzey kimi fəaliyyət göstərir.

Onu da qeyd edək ki, 1974-cü ildə  “Azərbaycanfilm” Kinostudiyasında rejissor Niyazi Bədəlov tərəfindən Tahir İsayev haqqında "Onun adı Serafino idi" adlı sənədli film (ssenari – O.Petrova, operator – Y.Abramov) çəkilib.