Bölgədə turizmi inkişaf etdirmək dövlətin əsas prioritet istiqamətlərindən biridir
   
   (əvvəli ötən saylarımızda)
   
   İqdır Türkiyənin Azərbaycan (Naxçıvan), İran və Ermənistanla sərhədində yerləşir. Vaxtilə bu bölgə İpək Yolunun üzərində yerləşdiyi üçün iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edib. Bu gün İqdır qonşu vilayətlərlə müqayisədə elə də yüksək rifah səviyyəsi ilə seçilməsə də, şəhər mərkəzində tikilən binalar, ticarət mərkəzləri bölgədəki yeni inkişafdan xəbər verir. Yeri gəlmişkən, İqdırın əhalisinin önəmli bir qismini azərbaycanlılar təşkil edir. Bölgədə turizm sahəsi elə də inkişaf etməyib. Səfərimiz çərçivəsində bir gün qaldığımız 4 ulduzlu “İmperator” hoteli səliqə-sahmanı, yüksək xidməti ilə yadda qaldı.
   
   Qədim Ani şəhərində müxtəlif mədəniyyətlər birləşib
   
   Səhər yeməyindən sonra Qars istiqamətində yola düşdük. Budəfəki yolçuluğumuz Qars şəhər mərkəzindən 12 kilometrlik məsafədə yerləşən qədim Ani şəhərinin qalıqlarına idi.
   Ani şəhərinin salınma tarixi e.ə. 5-ci minilliyə təsadüf edir. Şəhərin qalıqları Türkiyə-Ermənistan sərhədində, Arpa çayının kənarında yerləşir. Qədim şəhər 78 hektarlıq ərazidə qərar tutub. Şəhər divarlarının uzunluğu 4500 metr, hündürlüyü isə 9 metrdir. Bağratlılar tərəfindən salınan şəhər müxtəlif dönəmlərdə Səlcuq imperatorluğunun, gürcülərin, saltukluların, Qaraqoyunlu, Ağqoyunlu və Osmanlı dövlətlərinin hakimiyyəti altında olub.
   Orta əsrlərdə Ani Anadolunun İpək Yolu üzərində giriş qapısı olduğundan həm də mühüm ticarət mərkəzi kimi tanınıb. Sonralar İpək Yolu əhəmiyyətini itirdiyindən Ani də tədricən diqqətdən kənar qalıb. Monqol istilası və bir neçə dəfə baş verən zəlzələlər nəticəsində dağılıb, XVI əsrdən başlayaraq şəhər əhalisi buranı tərk etməyə başlayıb.
   Qədim Ani şəhərində müxtəlif dövrlərdə, fərqli hakimiyyətlərin dönəmində inşa edilmiş bir neçə böyük memarlıq abidəsi var. Bunlardan ən önəmlisi Böyük kafedral kilsədir (sonralar Fathiye camisi adlanıb). Tarixi qaynaqlara görə, onun tikintisi 989-cu ildə Kral II Sembat tərəfindən başladılıb. Zəngin arxitekturaya malik olan binanın inşası 1001-ci ildə başa çatıb. Kilsənin memarı həmin vaxtlarda İstanbuldakı Ayasofya məbədini təmir edən Tiridat ustadır.
   Anidəki ikinci böyük memarlıq abidəsi Keçəl kilsə adlanır. 1035-ci ildə Bağrat kralı III Sembat tərəfindən inşa etdirilib. Arpa çayının sahilində isə Gənc Qızlar kilsəsi yerləşir. Qayalıqların üzərində tikilmiş kilsə zəngin memarlıq üslubuna görə XIII yüzilliyin görkəmli əsərlərindən biri hesab edilir. Kilsənin sağ tərəfində İpək Yolu körpüsü yerləşir. Arpa çayının üzərində tikilmiş bu körpü vaxtilə böyük ticarət əhəmiyyəti daşıyıb.
   Qədim Ani şəhərinin məşhur tikililərindən biri də Əbul Manuçöhr camisidir. 1072-ci ildə Ani şəhəri Səlcuqlular tərəfindən işğal edildikdən sonra Əbul Manuçöhr tərəfindən tikdirilib. Cami müasir dövrümüzə qədər gəlib çıxan ən qədim Səlcuqlu abidəsi hesab edilir.
   Bələdçimiz Bengül xanımın sözlərinə görə, bunlardan əlavə Anidə Səlcuqlu sarayı, Sultan sarayı və bir neçə başqa tarixi tikililərin qalıqları da var. Ani qədim şəhər qalıqları 1993-cü ildən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr siyahısındadır. Hazırda şəhərdəki məscid və kilsələrdə təmir-bərpa işləri aparılır.
   
   Qars mədəni turizm həvəskarlarının sevimli məkanı ola bilər
   
   Ani gəzintisindən sonra yenidən Qarsa qayıtdıq. Qars Türkiyənin mədəni dəyərlərini özündə yaşadan bölgələrindən biridir. 80 min əhalisi olan Qars, yeni və köhnə olmaqla, iki hissədən ibarətdir. Şəhərdəki çoxsaylı tarixi-memarlıq abidələri buranı mədəni turizm həvəskarlarının sevimli məkanına çevirə bilər. Qars qalası 1153-cü ildə Saltuklu sultanı Məlik İzəddinin əmri ilə vəzir Firuz Akay tərəfindən inşa edilib. Tarix boyu müxtəlif hakimiyyətlərin nəzarətində olan qala dəfələrlə zərbələrə məruz qalıb. Sonuncu dəfə 1877-1878-ci illərdə Osmanlı-Rusiya müharibəsi zamanı məruz qaldığı dağıntıdan sonra isə öz orijinal görünüşünü qismən itirib. Aparılan təmir-bərpadan sonra qala turistlərin ixtiyarına verilib.
   Şəhərdə çoxlu sayda qədim məscidlər, kilsələr, tarixi binalar var. Bunların içərisində qədim rus binaları daha çox üstünlük təşkil edir. Xatırladaq ki, XIX əsrin sonu - XX əsrin əvvəlində Qars rusların işğalı altında olub. Bu binalarda hazırda dövlət idarə və təşkilatları yerləşir.
   Qars bölgəsində turizmi inkişaf etdirmək Türkiyə dövlətinin bu sahədə əsas prioritet istiqamətlərindən biridir. Şəhər mərkəzində 3 ədəd 4 ulduzlu, bir neçə 3 ulduzlu hotel var. Bundan əlavə, burada butik hotellərə də rast gəlmək mümkündür.
   
   “Qar” romanının yazıldığı “Qarabağ” hoteli
   
   Qarsda fəaliyyət göstərən hotellərdən biri «Qarabağ» adlanır. Hoteli gəzirik və işlətmə müdiri Mikayıl Altun bizi maraqlandıran suallara cavab verir. Onun sözlərinə görə, Almaniyada həkim işləyən və əslən Qarabağdan olan dəyərli həkim dostunun şərəfinə hotelə bu adı verib. Hotel gözəl dizaynı, rahatlığı ilə diqqət çəkir. Üçulduzlu olmasına baxmayaraq, burada turistlərə yüksək səviyyəli xidmət göstərilir.
   Mikayıl bəy bizə maraqlı bir məlumatı da verir ki, tanınmış türkiyəli yazıçı, “Nobel” mükafatı laureatı Orxan Pamuk özünün məşhur «Qar» romanını məhz bu hotelin 510-cu otağında yazıb.
   «Grand Ani» hoteli isə 4 ulduzludur. Burada qonaqlara hər cür xidmət təklif edilir. Hoteldə qapalı və açıq üzmə hovuzları, fitnes-zalı, konfrans zalı, 120 nəfərlik restoranı, daimi interneti günboyu turistlərin ixtiyarındadır. Hoteldən Sarıqamış dağ-xizək mərkəzinə turlar var.
   Qars hava limanı yaxın vaxtlarda beynəlxalq status alacaq. Bundan sonra bu bölgəyə turistlərin gəlməsi asanlaşacaq. Şəhərdə bir avtobus və bir qatar vağzalı da fəaliyyət göstərir.
   
   SERKA bölgədə turizmin inkişafına xidmət edir
   
   Qarsda ziyarət etdiyimiz məkanlardan biri də Serhat İnkişaf Agentliyinin (SERKA) ofisi oldu. Qeyd edək ki, Serhat İnkişaf Agentliyi ictimai birlik kimi yaransa da, qurumun bütün layihələri dövlət tərəfindən maliyyələşir. Təşkilat 2009-cu ildən fəaliyyət göstərir. SERKA Qars bölgəsində turizmin inkişafına xidmət edir desək, yanılmarıq. Burada iqtisadiyyatın əksər sahələrini əhatə edən layihələr həyata keçirilsə də, daha çox üstünlük turizmə verilir. Ofis 5 şöbədən ibarətdir. Geniş və hər cür texniki avadanlıqla təmin olunmuş otaqlarda 29 mütəxəssis və 7 köməkçi personal çalışır. SERKA-nın Ağrı, Ərdahan, İqdır və Qarsda mərkəzi ofisləri fəaliyyət göstərir.
   
   * * *
   Səfərimizin sonuncu günü axşam «Grand Ani» hotelində 5 günlük gəzintimizin yekunlarına həsr olunmuş toplantı keçirildi. Serhat İnkişaf Agentliyinin baş direktoru Hüseyn Tutar 5 ölkənin jurnalist və turizm şirkəti nümayəndələrinə onların dəvətini qəbul edib gəldiklərinə görə təşəkkürünü bildirdi. Səfər iştirakçılarından gördükləri nöqsanlar və çatışmazlıqlar barədə qeydlərini onlarla bölüşmələrini xahiş etdi. Qeyd etdi ki, əslində səfərin məqsədi də buna xidmət edir: «Bölgədə turizmi inkişaf etdirmək üçün ilk növbədə gələn qonaqların rəy və təklifləri nəzərə alınmalıdır. Biz bu toplantıya Qarsda fəaliyyət göstərən hotellərin rəhbərlərini də dəvət etmişik. İstəyirik sizin razı və narazı qaldığınız məqamlarla onlar da tanış olsunlar».
   2 saata yaxın davam edən tədbir boyunca səfər iştirakçılarının qeydləri SERKA-nın rəhbərliyi tərəfindən diqqətlə dinlənildi.
   
   Və sonda...
   
   Türkiyənin turizm sahəsində uzun illərin təcrübəsinə sahib olması həqiqətdir. Bu təcrübəni tətbiq etməklə, Türkiyənin tezliklə Qars bölgəsində də turizm sahəsində uğurlar əldə edəcəyi şübhəsizdir. Çünki bunun üçün geniş potensial var. Bu beş gündə biz də bunun şahidi olduq. Elə isə bizdən gələcəyin tanınmış turizm mərkəzlərindən biri olacaq gözəl Qarsa «Hoşca qal» demək düşür.
   
   P.S. Səfər boyu hər an yanımızda olan, narahatlıqlarımızı bölüşən, hər istəyimizi yerinə yetirməyə çalışan Uğur Çalışkana, bir çox yaddaqalan anlarımızı fotokamerasının yaddaşına köçürən, eyni zamanda bölgənin tarixini, mətbəxini dərindən bilən, bu mövzuda suallarımızı məmnuniyyətlə cavablandıran Mukadder Yardımcıelə, İsa bəyə, bölgənin bütün gözəlliyini rus dilində qrupun digər üzvlərinə çatdırmağa çalışan, hərdən də öz ana dilində - azərbaycanca bizim üçün əlavələr edən Qars Universitetinin professoru Xurşid İsayevə və bütünlükdə SERKA rəhbərliyinə, həmçinin Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinə öz təşəkkürümüzü bildiririk.
   
   Fəxriyyə Abdullayeva
   Bakı-Qars-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar