Xəbər verildiyi kimi, Türk Dövlətləri Təşkilatının (TDT) noyabrın 11-də Səmərqənddə keçirilən IX Zirvə toplantısında qurumun yeni baş katibi təyin edilib. Sammitdə qəbul edilən qərara əsasən, TDT-nin baş katibi vəzifəsində qazaxıstanlı diplomat Bağdad Amreyevi Qırğızıstanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Kubanıçbek Ömüraliyev əvəz edib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatında (2021-ci ilədək Türk Şurası) baş katib postuna təyinat dörd ildən bir yenilənir və müvafiq rotasiya qaydasında üzv dövlətlərdən birinin təmsilçisi bu vəzifəyə posta təyin olunur. Təşkilatın ilk baş katibi türkiyəli diplomat Xəlil Akıncı (2010-2014-cü illərdə) olub, sonra onu Azərbaycandan Ramil Həsən əvəz edib. 2018-ci ildə isə baş katib vəzifəsinə Bağdad Amreyev təyin edilmişdi.

TDT-nin yeni baş katibi Kubanıçbek Ömüraliyev 1960-cı ildə Qırğızıstanda doğulub. 25 il diplomatik xidmətdə çalışsa da, ilk ixtisas təhsili bu sahədən uzaq olub. 1984-cü ildə Bişkekdə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunun mühəndislik bölümünü bitirib. Ali təhsildən sonra iki il İssık-Kul vilayətinin Ton rayonunda Karl Marks adına kolxozda baş mühəndis işləyib. On ilə yaxın öz ixtisasına yaxın sahələrdə (o cümlədən Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri) çalışıb.

1994-cü ildə Moskvada Ümumrusiya Rəhbər İşçilər və Mütəxəssislərin İxtisasartırma İnstitutundan iqtisadiyyat üzrə məzun olub. Həmçinin 1993-1995-ci illərdə ABŞ-da – Texas, Nebraska, Vaşinqton universitetlərində təcrübə kursları keçib.

1997-ci ildən Qırğızıstan Xarici İşlər Nazirliyində işləməyə başlayıb. Diplomat kimi ilk təyinatını 1999-cu ildə ABŞ-a alıb, Qırğızıstanın Vaşinqtondakı səfirinin müavini olub. Sonrakı illərdə ölkəsinin Birləşmiş Ərəb Əmirliklərində baş konsulu, Belarusda fövqəladə və səlahiyyətli səfiri (o cümlədən MDB İcraiyyə Komitəsi yanında təmsilçi) və digər vəzifələrdə çalışıb.

2019-cu ildə Qırğızıstanın Ankara böyükelçisi təyin olunub, 2021-ci ildən eyni zamanda ölkəsinin İsraildə səfiri vəzifəsini də yerinə yetirib.

Baş katib TDT-nin Katibliyinə rəhbərlik edir. TDT-nin Katibliyi Türkiyədə, İstanbul şəhərində yerləşir.

V.Kamal