Stiven Spilberqin məşhur “Terminal” filminin baş qəhrəmanının prototipi – iranlı qaçqın Mehran Kərimi Naseri 18 il yaşadığı Paris Beynəlxalq Hava Limanında ölüb. O, 1988-ci ilin avqustundan 2006-cı ilin iyulunadək Şarl de Qoll aeroportunun terminalında yaşamaqla dünyada tanınmışdı.

Fransa mediasının məlumatına əsasən, Mehran Naseri illər sonra yenidən aeroportdakı yerinə qayıdıb və bir neçə həftə burada yaşadıqdan sonra, noyabrın 12-də 2F terminalında vəfat edib. Xəbərlərə görə, o, terminal həyatının Spilberqin filmində ekranlaşdırılmasına görə aldığı pulları xərcləyib qurtardıqdan sonra yenidən onu məşhurlaşdıran məkana qayıdıbmış.

Qeyd olunur ki, Mehran Naseri, “Terminal” filmindəki qəhrəmandan fərqli olaraq, əslində, hava limanında illərlə yaşamağa məhkum deyildi, çünki ona Fransada qaçqın statusu verilmişdi. Amma o, tam 18 il orada yaşamağı seçib. Bu illərdə aeroport işçiləri onun qayğısına qalıblar. O da bildirilir ki, Naseri psixi cəhətdən sağlam olmayıb və itmiş sənədləri ilə bağlı məsələ həllini tapandan sonra da hesab edirmiş ki, onun bu problemləri qalmaqdadır. Odur ki, aeroportu – artıq öyrəşdiyi mühiti tərk etməkdən çəkinirmiş.

Fransa KİV-nin məlumatına görə, Mehran Naseri 1945-ci ildə İranda doğulub. 1977-ci ildə şah (Məhəmməd Rza) rejiminə qarşı aksiyalarda iştirak etdiyinə görə təqiblərə məruz qalıb və ölkəni tərk edib. Bir neçə il Avropa ölkələrində siyasi sığınacaq axtardıqdan sonra 1981-ci ildə Belçikada BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə müvafiq status alır.

Naserinin anası Britaniya vətəndaşı olub. 1988-ci ildə o, anasına baş çəkmək üçün Belçikadan Fransaya, oradan da Britaniyaya (Qlazqo şəhərinə) getmək istəyir. Lakin Parisdə dəmiryolu stansiyasında onun sənədləri olan əl çamadanı oğurlanır.

Əlində sadəcə, bileti qalan Naseri təyyarə ilə Londona gəlir, amma Hitrou aeroportunda pasport yoxlamasında saxlanılır və sənədləri olmadığı üçün təyyarə ilə geriyə, Paris aeroportuna qaytarılır. Sənədləri olmadığı üçün Şarl de Qoll aeroportunu da tərk edə bilmir. Beləcə, onun terminal həyatı başlayır.

Belçikadan yeni sənəd əldə etmək də mümkün olmur. Çünki bu ölkənin qanunlarına görə, sığınacaq almış şəxs ölkəni tərk edərsə, geri dönmək hüququndan məhrum olurdu. Yalnız yeddi il sonra, 1995-ci ildə ona Belçikaya qayıtmağa icazə verilir, amma bir şərtlə ki, o, sosial xidmət işçilərinin nəzarəti altında yaşamalı idi. Naseri bundan imtina edir. Artıq Paris aeroportunun terminalı onun “ev”inə çevrilmişdi.

Bu illərdə o, çoxsaylı teleradio verilişlərinin də qəhrəmanı olur. 1999-cu ildə ona Fransada yaşamaq izni və qaçqın statusu verilir. Lakin o, öyrəşdiyi və xidməti işçilər arasında çoxlu dostları olan aeroportu tərk etmək istəmir və daha 7 il burada yaşayır.

Bu arada onun terminal həyatı amerikalı kinorejissor Stiven Spilberqin də marağını çəkmişdi. 2004-cü ildə Tom Henksin baş rolda çəkildiyi “Terminal” filmi ekranlara çıxır. Aktyorun oynadığı qəhrəmanın (Viktor Navarski) prototipi Mehran Naseri idi.

Məlumatlara görə, ABŞ-ın “DreamWorks” studiyası Naserinin terminal həyatının ekranlaşdırılmasına görə ona 250 min dollar ödəmişdi.

Naseri 2006-cı ildə səhhətindəki problemlə bağlı Paris aeroportunu tərk etməli olur və bir neçə ay xəstəxanada qalır. 2007-ci ilin yanvarında xəstəxanadan çıxır və yenə aeroport yaxınlığında hoteldə yaşayır. Sonra Parisdə özünə ev tutur. Onun sonrakı həyatı barədə elə bir məlumat yoxdur, yalnız bildirilir ki, “Terminal” filminə görə aldığı “qonorar” ona yetərli olub. 2022-ci ilin oktyabrında Naseri yenidən Paris aeroportuna qayıdır və onu məşhur edən terminalda ömrünü başa vurur...

V.Kamal