“NUR Art House” qalereyasında gənc xalçaçı-rəssamın fərdi sərgisi keçirilir

 

“NUR Art House” qalereyasında “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvü, istedadlı xalçaçı-rəssam Natiq Nəcəfzadənin “Zəfər: qədim və müasir naxışlarda” adlı xalça eskizlərindən ibarət ilk fərdi sərgisi açılıb.

Şanlı Zəfərimizin ikinci ildönümünə həsr olunan sərgi “NUR Art House” qalereyasının təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı (ARİ), “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi” İctimai Birliyi və Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə gerçəkləşir.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev qonaqları salamlayaraq Zəfər Günün tarixi və əhəmiyyəti barədə söz açıb.

“Dünya Azərbaycanlılarını Mədəniyyət Mərkəzi” İctimai Birliyinin üzvü, “Xarıbülbül” ədəbi məclisinin sədri, yazar Nəzakət Kərimova-Əhmədova, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, I Qarabağ müharibəsi qazisi, yazar Zaur Ustac çıxış edərək Natiq Nəcəfzadəni ilk fərdi sərgisi münasibətilə təbriklərini çatdırıblar.

“Azərbaycan xalçaçıları” İctimai Birliyi İdarə Heyətinin üzvü, xalçaçı-rəssam Eldar Hacıyev “NUR Art House” qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın adından tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Sərgi haqqında danışan E.Hacıyev Natiq Nəcəfzadənin “Zəfər” xalçasına xüsusilə diqqəti cəlb edib, konusun Vətən müharibəsində mənfur erməni təxribatına qarşı əks-hücum həmləsi ilə Şuşamıza qədər aparan Zəfər yolunda nümayiş etdirdikləri ruh yüksəkliyinin və əbədiliyin mücəssəməsi olduğunu qeyd edib.

Qazilər adından mayor Ramil Əkbərov çıxışında Vətənin keşiyində durmağın hər bir azərbaycanlı kişisinin borcu olduğunu və döyüşə gedərkən şəxsi heyətin sona qədər gedib Qələbə qazanmaq inamına malik olduğunu deyib.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, geologiya-mineralogiya elmləri namizədi Şahmurad Əlimuradov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və başqalarının çıxışları dinlənilib.

Natiq Nəcəfzadə onun yaradıcılığına göstərilən diqqətə görə təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib.

Qeyd edək ki, noyabrın 18-dək davam edəcək sərgi çərçivəsində xalça sənətinə dair ustad dərsləri də təşkil olunur.