Azərbaycan

 

17 noyabr 1906 – Dünya şöhrətli xalçaçı alim, dekorativ sənət ustası, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 – 9.9.1991) Şuşada anadan olub. “Azərbaycan xalçalarında ornament”, “Azərbaycan xalçası” çoxcildliyi və s. kitabların müəllifidir. L.Kərimovun təşəbbüsü ilə Bakıda Xalça Muzeyi təşkil olunub.

17 noyabr 1927 – Yazıçı, Əməkdar jurnalist Əli İldırımoğlu (Məmişov: 1927 – 18.11.2020) Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Kitabları: “Közərən sətirlər”, “Qarlı gecələr” və s.

17 noyabr 1933 – Əməkdar incəsənət xadimi, pianoçu Gülarə Əziz qızı Əliyeva (1933 – 27.7.1991) Bakıda doğulub. “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri olub. “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir. Mədəniyyət və İncəsənət Universitetində Musiqi nəzəriyyəsi kafedrasının müdiri olub.

17 noyabr 1954 – Əməkdar mədəniyyət işçisi Zemfira Baba qızı Babayeva (1954 – 20.7.2021) anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında işləyib. Bakı Bələdiyyə Teatrında truppa müdiri olub.

17 noyabr 1978 – Əməkdar artist Səməd Əmiraslan oğlu Tağızadə (1907–1978) vəfat edib. Gəncə Dövlət Dram Teatrında aktyor, truppa müdiri işləyib.

17 noyabr 1994 – Moskvada, İttifaqlar Evinin Sütunlu zalında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi qeyd edilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.

17 noyabr 2006 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 – 2006) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

18 noyabr 1990 – Tanınmış aktyor Əfrasiyab Məmmədov (19.3.1928 – 1990) vəfat edib. “Qızmar günəş altında”, “Koroğlu”, “Dədə Qorqud” və s. filmlərdə çəkilib.

18 noyabr 1994 – Görkəmli teatrşünas, publisist, Əməkdar mədəniyyət işçisi Qulam Məmməd oğlu Məmmədli (25.3.1897 – 1994) vəfat edib.

18 noyabr 2000 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 – 2000) vəfat edib. Musiqili komediyaların, populyar mahnıların müəllifidir, çoxsaylı filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi yazıb.

 

19 noyabr 1907 – Xalq artisti Kseniya Lvovna Babiçeva (1907-1984) anadan olub. 1938-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib.

19 noyabr 1915 – Bəstəkar, tarzən Hökümə Yusif qızı Nəcəfova (1915-2002) Bakıda anadan olub. “Kaş ki, gözəl olmayaydım”, “Ceyran balası” və s. populyar mahnıların müəllifidir.

19 noyabr 1935 – Tanınmış dilçi alim, professor, AMEA-nın müxbir üzvü Zemfira Nadir qızı Verdiyeva (1935 – 8.11.2010) anadan olub. German dilləri üzrə elmlər doktoru olmuş ilk azərbaycanlı alimdir. Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) rektoru olub.

 

Dünya

 

17 noyabr Beynəlxalq Tələbə Günüdür. Çexiyalı tələbələrin faşizm işğalı əleyhinə çıxışının (28 oktyabr 1938) ildönümü münasibətilə 1946-cı il noyabrın 17-də Praqada keçirilən beynəlxalq konqresdə təsis edilib.

17 noyabr 1895 – Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Baxtin (1895–1975) anadan olub.

 

18 noyabr 1786 – Alman bəstəkar və musiqişünası Karl Maria fon Veber (Carl Maria von Weber; 1786–1826) anadan olub.

18 noyabr 1787 – Fransız rəssamı, fotoqrafiyanın yaradıcılarından biri Lui Jak Mande Dager (Louis Daguerre; 1787–1851) anadan olub.

18 noyabr 1860 – Polyak bəstəkarı və pianoçusu İqnasi Yan Paderevski (Ignacy Padereweski; 1860–1941) anadan olub.

18 noyabr 1927 – Rusiya kinorejissoru, ssenarist Eldar Aleksandroviç Ryazanov (1927 – 30.11.2015) anadan olub. Filmləri: “Karnaval gecəsi”, “Avtomobildən qorun!”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “İki nəfər üçün vağzal” və s.

 

19 noyabr 1528 – İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese-Cagliari; 1528–1588) anadan olub.

19 noyabr 1711 – Rus alimi, şair, müasir rus ədəbi dilinin banisi Mixail Vasilyeviç Lomonosov (1711–1765) anadan olub.

19 noyabr 1843 – İsveçrə filosofu, empiriokritisizmin banilərindən biri Rixard Avenarius (Richard Heinrich Ludwig Avenarius; 1843–1896) anadan olub.

19 noyabr 1900 – Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers – əsl adı Netty Reiling; 1900–1983) anadan olub. Əsərləri: “Fevralda yol”, “Ölmüş qızların gəzintisi”, “Dar ağacında işıq” və s.

19 noyabr 1903 – Məşhur baletmeyster və pedaqoq, SSRİ-nin Xalq artisti Asaf Mixayloviç Messerer (1903–1992) anadan olub.

Hazırladı: V.Orxan