“Gördüyün, müşahidə etdiyin hər şeyi kətana, kağıza köçürmək hələ rəssam olmaq deyil. Təsviri sənətin bu sahəsi ilə məşğul olanların yüksək bədii təxəyyülü olmalıdır”.
Bu fikirlər Azərbaycan təsviri sənətində dərin iz qoyan sənətkarlardan Xalq rəssamı Davud Kazımova məxsusdur.
Görkəmli fırça ustası yaradıcılıq fəaliyyəti dövründə daha çox müharibə qəhrəmanlarının obrazlarını yaradıb. Rəssamın əsərlərində səmimiyyət, uşaq məsumluğu və onları əhatə edən qayğıkeşlik bacarıqla əks olunub.
Davud Mehdi oğlu Kazımov 9 noyabr 1926-cı ildə Bakıda, İçərişəhərdə dünyaya göz açıb. Uşaqlıq və gənclik illəri qanlı-qadalı müharibə illərinə təsadüf edir. Altı yaşında ikən ailəyə bədbəxtlik üz verir, atası vəfat edir. Onlar əmisi Kərbəlayı Kazımın himayəsində qalırlar. Davud erkən çağlardan təsviri sənətə maraq göstərir. Məktəbli qələmi ilə imkan düşdükcə kağız üzərində şəkillər çəkir. Onun bu həvəsini görən əmisi Davudu Pionerlər evi nəzdindəki rəssamlıq dərnəyinə aparır. Beləliklə, o, taleyini rəssamlıq peşəsinə bağlayır.
Davud 8-ci sinfi bitirdikdən sonra Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunur. İlk gündən istedadı və zəhmətsevərliyi ilə müəllimlərinin rəğbətini qazanır. Ona görə də 1945-ci ildə bu təhsil ocağını müvəffəqiyyətlə başa vurduqdan sonra məktəbdə müəllim kimi saxlanılır. O, pedaqoji fəaliyyətlə yanaşı, yaradıcılığını da davam etdirir. Yaradıcılığında müharibə mövzusu əsas yer tutur. Diqqətçəkən ilk əl işi isə “Əsgərin qarşılanması” adlı əsəri olur.
Respublikanın ucqar yaşayış məntəqələrinə səfər edir, bu yerlərin gözəlliyi ilə yaxından tanış olur. Xüsusilə Masallı, Lənkəran və Astara bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, rəngarəng milli geyimləri rəssamın əsl ilham mənbəyinə çevrilir. Ərsəyə gətirdiyi etüdlər əsasında yaratdığı “Xəzərin təkində”, “Sağıcılar”, “Yollar” və başqa əsərlər dəfələrlə respublika və ümumittifaq sərgilərində nümayiş olunur və sənətsevərlər tərəfindən maraqla qarşılanır. Görkəmli sənətkar daha sonra dinc quruculuq dövründən bəhs edən mövzulara müraciət edir. “Konsert-tapmaca”, “Çimərlikdə”, “Uşaq konsultasiyası” kimi əsərlərində rəngarəng uşaq dünyasına baş vurur. Gərgin yaradıcılıq fəaliyyəti ilə dövrünün insanlarını, onların mənəvi aləmini və psixoloji durumunu sənətkarlıqla açıqlayan portretlər yaradır. Bu əsərlər onu qısa müddətdə sənət aləmində portret ustası kimi tanıdır. Çünki o, bu əsərlərində dərin müşahidə qabiliyyəti ilə obrazın fərqli xüsusiyyətlərini dəqiqliklə göstərə bilib. Görkəmli sənətkar natürmort janrında da biri-birindən gözəl əsərlər yaradıb. Onun özünəməxsus yaradıcılığının əsas cəhətlərini forma və məzmunun vəhdəti, realistik üslub, fərqli rəng çalarları, plastik həllərin düzgünlüyü və ölçülü kompozisiya tərtibatları təşkil edir.
Qrafika ustası kimi də tanınan Davud Kazımovun illüstrasiyaları arasında Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının hekayələrinə, Mirzəli Möcüzün şeirlərinə çəkdiyi rəsmlər xüsusilə diqqəti çəkir. Abdulla Şaiqin “Tülkü həccə gedir”, “Yaxşı arxa” kitablarına, Mikayıl Rzaquluzadənin “Ovçu Elişlə qoçaq Aytəkinin nağılı”na, Nəriman Nərimanovun “Pir” hekayəsinə, Xanımana Əlibəylinin “Sənubərin gözləri” adlı şeirinə pero və sulu boya ilə illüstrasiyalar çəkib. Xəzər neftçilərinin fədakarlığı da rəssamın sevimli mövzularından olub. Müəllifin “Neftçilər” tablosu, “Qurban Abbasovun portreti” tamaşaçılarda maraqlı hisslər oyadıb.
Davud Kazımov 1979-cu ildə Bolqarıstanda, 1980-ci ildə isə İspaniyada yaradıcılıq səfərlərində olur. Bu ölkələrin şəhər və kəndlərində insanların həyat və məişətini yaxından izləyir. Qədim memarlıq abidələrini seyr edir, muzeyləri gəzir. Səfərin sonunda Bolqarıstanın Simolin şəhərində sərgisi təşkil edilir. Azərbaycana döndükdə isə Bakıda “İspaniya silsiləsi” adlı sərgisi keçirilir.
Rəssam Azərbaycan təbiətinin füsunkarlığını da böyük ustalıqla kətana köçürüb. Onun 1990-cı illərdə yaratdığı “Göygöl”, “Qax”, “Çiçəklənən düzənlik”, “Batabat gölü”, “Şahdağ” kimi əsərləri könüllərdə xoş duyğular çələngi yaradır. “Göygöl” əsərində səmanın suda əksi, xırda çiçəklər, günəşli hava, suyun üzündə yaranan dalğalar hər kəsi öz aləmindən alır. Dağlardakı meşələrin, səmanın suda əksi isə ona əsrarəngiz görkəm verir.
Araşdırmalarda qeyd edilir ki, sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqının bədii fondu, bundan əlavə, Rusiya, Türkiyə, İran, Macarıstan, Almaniya və digər ölkələrdəki şəxsi kolleksiyaları bəzəyir.
Ölkəmizdə müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Davud Kazımovun böyük xidmətləri olub. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərən rəssam bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsinə həsr edib.
Davud Kazımovun yaradıcılığı hər zaman sənətsevərlər tərəfindən maraqla qarşılanıb. Əməyi yüksək qiymətləndirilən sənətkar 1978-ci ildə “Əməkdar rəssam”, 1992-ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. Sənətkar Prezidentin fərdi təqaüdçüsü idi.
Azərbaycan təsviri sənətində öz imzası ilə seçilən Davud Kazımov 14 fevral 2015-ci ildə vəfat edib.
Savalan Fərəcov