Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Səmərqənd Zirvəsi çərçivəsində beynəlxalq simpozium keçirib

 

Özbəkistanın Səmərqənd şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (IICAS) təşkilatçılığı, eləcə də İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin dəstəyi ilə “Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq üfüqlərinin genişləndirilməsi: İpək Yolu – silsilə transmilli UNESCO nominasiyaları” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Tədbir Türk Dövlətləri Təşkilatının IX Zirvə toplantısı çərçivəsində təşkil edilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib ki, simpozium Böyük İpək Yolunun Avrasiyanın tarixi-mədəni inkişafına təsiri, Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında bu mövzularda birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinin müzakirə edilməsi, eləcə də UNESCO-nun İpək Yolu transmilli silsilə layihələrinin perspektivləri barədə fikir mübadiləsinin aparılması məqsədilə təşkil edilib.

Fondun prezidenti Günay Əfəndiyeva giriş sözündə simpoziumun Türk Dövlətləri Təşkilatının IX Zirvə toplantısı çərçivəsində təşkilinin önəmindən bəhs edib. O, Şərqlə Qərb arasında tarixi İpək Yolunun xalqlar arasında mədəni mübadiləyə töhfə verdiyini qeyd edərək, yeni reallıqlar çərçivəsində bu sahədə dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinin önəmini vurğulayıb.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Türkiyənin Səmərqənddəki baş konsulu Salih Caner, Qırğızıstanın Özbəkistandakı Səfirliyinin müşaviri Nurlan Cumaliyev, Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Qismət Gözəlov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, TÜRKSOY-un baş katibi Sultan Raev, Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli çıxış ediblər.

Simpoziumun ikinci hissəsində Azərbaycandan akademik Şahin Mustafayev, tarixçi alim Fərda Əsədov, Qazaxıstandan akademik Baurjan Baytanayev, qırğızıstanlı alim Bakıt Amambayeva, Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Dmitri Voyakin, Yaxyo Quliamov adına Özbəkistan Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra edən Mominxon Saidov və digərlərinin məruzələri dinlənilib. İpək Yolu silsilə nominasiyalarının praktik önəmi və müasir mərhələdə onların coğrafi əhatəsinin genişləndirilməsi, Türk dünyasında həyata keçirilməsi imkanları haqqında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən rus və ingilis dillərində nəşr edilən “Azərbaycan İpək Yolu üzərində” kitabının təqdimatı keçirilib. Kitab fondun həyata keçirdiyi “Türk dövlətləri Böyük İpək Yolu üzərində” layihəsinin ilk nəşridir.