Elmi Bərpa Mərkəzində Xan qızının 190 illiyinə həsr olunmuş tədbir
Görkəmli şair, xeyriyyəçi, adı mədəniyyət paytaxtımız Şuşa şəhəri ilə birgə xatırlanan Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasının 190 illiyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur.
Noyabrın 15-də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Xan qızının yubileyinə həsr olunan “Ey güli-süsən, səni bir Natəvan çəkmiş məgər?” adlı tədbir keçirildi.
Tədbirdə əvvəlcə “Uzun ömrün akkordları” (1981) filmindən dahi Üzeyir bəylə Natəvan obrazlarının yer aldığı kadrlar nümayiş olundu. Mərkəzin baş mühafizi Pakizə Almazova çıxış edərək tədbir haqqında məlumat verdi.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, professor Raqub Kərimov “Xurşidbanu Natəvan və Qarabağ ədəbi mühiti” mövzusunda çıxış etdi. Diqqətə çatdırıldı ki, dövrünün tanınmış alimlərindən Şərq poetika sənətinin incəliklərini öyrənən Xurşidbanu Füzuli şeirlərinin vurğunu olub, onun ədəbiyyatımız tarixində yaratdığı və sonrakı nəslə miras qoyub getdiyi ənənələri layiqincə davam etdirib. Xan qızı “Məclisi-üns” ədəbi birliyinə başçılıq etdiyi müddətdə ədəbi ictimaiyyəti ətrafına toplayaraq böyük bir yaradıcılıq məktəbi yaradıb. Bununla da Qarabağ ədəbi mühitinə yeni nəfəs, yeni ruh, yeni töhfə verib. Alim həmçinin Əlyazmalar İnstitutunun şəxsi arxiv materiallarında Natəvanla bağlı məlumatları da diqqətə çatdırdı.
Elmi Bərpa Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova mərkəzin fəaliyyətindən söz açdı. Bildirdi ki, mərkəzdə Qarabağ azad ediləndən sonra oradan gətirilmiş bir çox tarixi eksponatlar üzərində işlər həyata keçirilib və bu istiqamətdə proses davam etdirilir. Xurşidbanu Natəvana məxsus geyimlər, Üzeyir bəyin skripkası, bəstəkarın anası Şirinbəyim xanımın geyim dəsti və s. qiymətli yadigarlar da bərpa olunan nümunələr sırasındadır.
Z.Məlikova ötən il Azərbaycan Dövlət Teatr Muzeyinin fondunda qorunan Natəvana məxsus əlyazmaların bərpa olunduğunu diqqətə çatdırdı. Dedi ki, mərkəzin Qrafika şöbəsinin müdiri Xatirə Tağıyeva və elmi işlər üzrə direktor müavini İranə İbrahimovanın iştirakı ilə Natəvanın şeirinin yeddi əlyazması və rəsmləri bərpa olunaraq muzeyə təhvil verilib. Bərdə Tarix-Diyarşünaslıq Muzeyindən təqdim olunmuş Natəvana məxsus “Kürdü” qadın üst geyimi və tumanlar nadir zərif eksponatlar kimi dəyərlidir.
Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova bildirdi ki, bərpa olunan əlyazmaların bir neçəsi Milli İncəsənət Muzeyinin “Şuşa İli”nə həsr etdiyi sərgidə nümayiş olunur. Əlyazmalar Azərbaycana mərhum ədəbiyyatşünas, Moskva Dövlət Universitetinin professoru olmuş Əziz Şərifin oğlu Hüseyn Şərif tərəfindən muzeyə təqdim edilib. Hüseyn Şərifin sözlərinə görə, Natəvana məxsus tikmələrin bir hissəsi şairənin İrandakı qohumlarında saxlanılır.
Filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva Aleksandr Dümanın (ata) Natəvana bağışladığı şahmat fiqurlarının birinin Milli İncəsənət Muzeyində, 4 ədədinin isə Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunduğunu qeyd etdi.
Muzeyin əməkdaşları Xatirə Tağıyeva və İranə İbrahimova əşyaların bərpa prosesindən söz açdılar və onların çıxışları bərpa işini əks etdirən videomateriallarla müşayiət olundu.
Tədbir Xurşidbanu Natəvanın həyat və yaradıcılığından bəhs edən filmdən parça və şairənin sözlərinə yazılmış musiqilərin fonunda diskussiyalarla davam etdi.
Lalə Azəri