Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

104 il əvvəl...

19 noyabr 1918-ci ildə Azərbaycan Milli Şurasının Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Xalq Cümhuriyyətinin geniş tərkibli Parlamentinin (Müəssislər Məclisi) çağırılması barədə qərar qəbul edilib. Parlamentin 120 deputatdan ibarət olması qərara alınıb: 80 yer müsəlman (azərbaycanlı) əhaliyə, 21 yer erməni əhalisinə, 10 yer ruslara, 4 yer milli azlıqlara (alman, yəhudi, gürcü, polyak), 5 yer neft sənayeçiləri və həmkarlar ittifaqlarına ayrılıb. Qərara əsasən, müsəlman fraksiyasının 44 nəfərini Milli Şuranın üzvləri təşkil etməli, 36 deputat əlavə olaraq şəhər və qəzalardan seçilməli idi. Xalq Cümhuriyyətinin Parlamenti 7 dekabrda fəaliyyətə başladı.

 

77 il əvvəl...

20 noyabr 1945-ci ildə Nürnberq şəhərində (Almaniya) faşist Almaniyasının ələ keçmiş rəhbərləri üzərində məhkəmə başlanıb. Beynəlxalq hərbi tribunal qarşısına Gerinq, Gess, Ribbentrop, Keytel, Kaltenbruner, Rozenberq kimi faşist liderləri cəlb olunmuşdu. 1946-cı il oktyabrın 1-də başa çatan məhkəmədə 12 nəfər barəsində ölüm hökmü (asılmaqla) çıxarıldı. Məhkəmənin qərarı 1946-cı il oktyabrın 16-da icra olundu. Dar ağacına çıxmaq istəməyən Gerinq 15 oktyabrda axşam kamerasında zəhər içərək intihar etmişdi.

 

63 il əvvəl...

20 noyabr 1959-cu ildə BMT Baş Assambleyasında “Uşaq hüquqları Bəyannaməsi” qəbul olunub. 1989-cu ilin həmin günündə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası qəbul olundu. 20 noyabr Dünya Uşaq Günü (Universal Children’s Day) elan edildi.

 

31 il əvvəl...

20 noyabr 1991-ci ildə erməni silahlı qüvvələri Qarabağ münaqişəsi gedişində Azərbaycana qarşı ən böyük terror aktını həyata keçiriblər. Xocavənd rayonunun Qarakənd kəndinin səmasında içərisində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu “Mi-8” vertolyotu raketlə vurulub. Vertolyotda olan 22 nəfərin hamısı, o cümlədən dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfü Hacıyev, SSRİ xalq deputatları Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, DQMV prokuroru V.Plavski, Dağlıq Qarabağ münaqişəsi regionunda Rusiya və Qazaxıstanın müşahidəçilər qrupunun rəhbərləri, jurnalistlər həlak olmuşdu. Faciə ilə bağlı Azərbaycanda üçgünlük (21-23 noyabr) matəm elan edilib.

 

30 il əvvəl...

21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilib. Təsis konfransında partiyanın məramnamə və nizamnaməsi qəbul olunub, rəhbər orqanları seçilib. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev açıq səsvermə əsasında yekdilliklə YAP-ın sədri seçilib.

 

26 il əvvəl...

21 noyabr 1996-cı ildə BMT-də ilk dəfə Dünya televiziya forumu keçirilib. Bu əlamətdar hadisə ilə bağlı BMT Baş Assambleyası (17 dekabr 1996) tərəfindən 21 noyabr – “Dünya Televiziya Günü” təsis edilib.

 

23 il əvvəl...

18 noyabr 1999-cu ildə İstanbuldakı “Çırağan” sarayında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi ilə bağlı tarixi sənədlər imzalanıb. Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl BTC-yə dair hökumətlərarası sazişi, üç ölkənin rəhbəri, habelə ABŞ Prezidenti Bill Klinton və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev layihənin dəstəklənməsinə dair “İstanbul Bəyannaməsi”ni imzalayıblar. 2002-ci ildə inşası başlayan BTC 2006-cı ildə istifadəyə verildi.

 

20 il əvvəl...

21 noyabr 2002-ci ildə NATO-nun Praqa (Çexiya) sammitində yeddi ölkənin – Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya, Litva, Latviya və Estoniyanın alyansa dəvət olunması barədə qərar qəbul edilib. Qərara əsasən, sözügedən ölkələr 2004-cü ilin aprelində NATO-ya tamhüquqlu üzv qəbul olundular. Bu, 1999-cu ildə Çexiya, Macarıstan və Polşanın alyansa qəbul edilməsindən sonra NATO-nun Şərqə doğru növbəti genişlənməsi idi. NATO ölkələrinin sayı 26-ya, alyansın hüdudları isə Rusiya sərhədlərinə çatdı.

 

14 il əvvəl...

21 noyabr 2008-ci ildə İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlament nümayəndə heyətlərinin ikigünlük görüşünün yekunu olaraq Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) təsis edilib.

Hazırladı: V.Orxan