“Amma Moskvadan oraya göndərilən Vardanyan kimi insanlarla yox...”

 

Siz Ermənistana səfərinizi və orada Ermənistan rəhbərliyindən sülh mesajı aldığınızı qeyd etdiniz. Biz işğalın davam etdiyi bütün illər ərzində bu mesajları eşitmişik. Lakin onlar səmimi deyildi. Biz də sülh arzulayırdıq, lakin torpaqlarımızı geri istəyirdik. Onlar isə torpaqları geri qaytarmadan sülh istəyirdilər. Fərq bunda idi. Beləliklə, biz münaqişəni güc yolu ilə, daha sonra isə siyasi vasitələrlə həll etməli olduq.

Prezident İlham Əliyev bu sözləri noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, müharibə başa çatdıqdan sonra Azərbaycan Ermənistana sülh sazişi üzərində danışıqlara başlamağı təklif edib: “Bu, dünya tarixində nadir hallardandır ki, ərazisi uzun illərdir işğal altında olan, ədaləti güc yolu ilə bərpa edən, düşməni məğlub edərək torpağından qovan ölkə sülh təklif etsin. Biz Ermənistan tərəfindən ərazilərimizin dağıdılması və viran qoyulması, azərbaycanlıların əzab-əziyyət çəkməsinə baxmayaraq, sülh təklif etdik. Biz məlum beş prinsipdən ibarət sülh və bir növ çərçivəni təklif etdik. Məhz biz delimitasiya komissiyasını yaratmağı təklif etdik. Bizim mövqe çox aydındır. Bu, dəfələrlə ictimaiyyət qarşısında, o cümlədən mənim Avropa Komissiyasının rəhbərliyi və normallaşma prosesində iştirak etmiş, hazırda iştirak edən ölkələrin, yəni, Birləşmiş Ştatların və Rusiyanın liderləri ilə kontaktlarım zamanı qeyd olunub. Bizim iki yolumuz olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər”.

Prezident bildirib ki, bu iki istiqamət bir-birinə qarışmalı deyil və bir gün öncə (16 noyabr – red.) ABŞ dövlət katibi Entoni Blinkenlə telefon söhbətində də bu haqda bir daha danışıb: “Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır. Bir sözlə, bir daha deyirəm ki, biz onların əməllərini sözlərlə deyil, addımlarla ölçməliyik. Çünki onların dedikləri sözlər etdikləri əməllər və ya planları ilə ziddiyyət təşkil edir”.

Azərbaycan Prezidenti vurğulayıb ki, əgər Ermənistan Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu, alınmayacaq: “Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni, Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır”.

Qeyd edək ki, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin iştirak etdiyi görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.