Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib.

Dövlət Proqramında müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planı* (2022–2026-cı illər) da əks olunub. (əlavə olunur)

Tədbirlər Planı altı prioritet istiqaməti əhatə edir: 1. Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili; 2. Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini; 3. Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması; 4. Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması; 5. Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası; 6. Ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi.

Hər prioritet üzrə müvafiq fəaliyyət istiqamətləri nəzərdə tutulub.

2-ci prioritet istiqamət üzrə fəaliyyət istiqamətlərindən biri (2.7.) “Yaşayış məntəqələrində mədəniyyət tədbirlərinin keçirilməsi və mədəni irs obyektlərinin bərpası”dır.

Bu fəaliyyət istiqamətinin əsas icraçı qurumu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. Digər icraçılar qismində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK), Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi (MAİ), Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (DTA), Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK), Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” (BTİX), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Yerli icra hakimiyyəti orqanları (YİH), Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi (ARPXN) qeyd olunub.

Bundan əlavə, 5-ci prioritet istiqamət – “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası” üzrə müvafiq fəaliyyətə dair tədbirlərin (Turizm məhsullarının yaradılması və inkişaf etdirilməsi) icraçıları sırasında da Mədəniyyət Nazirliyi digər icraçılar qismində yer alıb. 

Həmin istiqamətdə qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanıntəmin edilməsi üçün əsas hədəf göstəricisi postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir.

İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər. Eyni zamanda turizm potensialından yararlanmaqla regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün bölgədə bu sənayenin inkişafı istiqamətində tədbirlər həyata keçiriləcək.