Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi arasında mədəni əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalanıb.

Sənədi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov və Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş imzalayıblar.

İmzalanma mərasimindən sonra diplomat mərkəzin Murad Hüseynova mərkəzin solistlərinin oktyabr ayında Mərakeşdə keçirilən “Fəs” Sufi Mədəniyyəti Festivalındakı çıxışları ilə bağlı təşəkkürünü bildirib. O, gələcəkdə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, musiqi kollektivlərinin birgə çıxışlarının təşkili ilə bağlı təkliflərini bölüşüb.

BMM-in direktoru musiqinin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətindən danışıb, Azərbaycan musiqiçilərinin festivalda çıxışının maraqla qarşılandığını deyib. İki ölkənin mədəni əlaqələrinin genişləndirilməsi üçün belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

BMM-in “Fəs” Sufi Mədəniyyəti Festivalında iştirak edən solistlərinin qısa konsert proqramı təqdim olunub. Direktor Murad Hüseynov mərkəzin yaranması və fəaliyyəti barədə qonağa geniş məlumat verib.