Xalq yazıçısı Elçinin “Baş” tarixi romanı Ukrayna dilində çapdan çıxıb. Əsərin nəşri Azərbaycanın Ukraynadakı Səfirliyi və bu ölkənin “Vsesvit” jurnalının birgə layihəsi əsasında reallaşıb.

“Vsesvit” jurnalının baş redaktoru, Ukrayna Yazıçılar Birliyinin üzvü Dmitri Drozdovski bildirib ki, ölkəsində müharibə olmasına baxmayaraq, bu tarixi roman aktuallığını nəzər alınaraq çap olunub. Kitabın ərsəyə gəlməsində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, şair-tərcüməçi Səlim Babullaoğlu və tərcüməçi Mehman Salmanov yaxından iştirak ediblər. Bu roman Ukrayna oxucuları üçün ədəbi hadisədir. “Romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir, ancaq onlarla bağlı hər bir epizodda və ümumiyyətlə, romanın bütün səhifələrində tarixi dəqiqlik axtarmaq lazım deyil. Həmin tarixi şəxsiyyətlər bu romanda artıq “müəllifin qəhrəmanlarıdır”, – deyə baş redaktor bildirib.

Qeyd edək ki, ilk dəfə 2015-ci ildə çap olunan “Baş” romanı bir çox dillərə tərcümə olunub və maraqla qarşılanıb. Əsər müstəqillik dövrü Azərbaycan nəsrinin janr tipi və çalarları, üslub fərdiyyəti, bədii-sənətkarlıq özəlliyi ilə seçilən örnəklərindəndir.