Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində fəaliyyət göstərən Opera studiyasında görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert təşkil olunub.

BMA-nın mətbuat xidmətindən bildirilib ki, əvvəlcə bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Konsertdə Əməkdar artist Nərgiz Kərimova (vokal), BMA-nın SABAH qrupunun xor kollektivi (bədii rəhbər və dirijor Dmitri Babayev) və istedadlı gənc ifaçılar çıxış ediblər.

Proqramda Fikrət Əmirovun "Min bir gecə" baletindən "İntroduksiya", "Azərbaycan elləri", "Laylay", "Qış yolu", "Gecə keçdi", "Ulduz romansı", "Ekspromt", "Gülüm romansı", "Gözün aydın" musiqili komediyasından Leylinin ariyası, "Sevil" operasından Balaşın mahnısı, "Kor ərəbin mahnısı", "Lirik pyes", "Mən səni araram", "Evləri var xana-xana" əsərləri səslənib.

İfa olunan hər musiqi əsərinə uyğun maraqlı səhnələrdən ibarət videoinstalyasiya təqdim edilib.

Konsertin bədii rəhbəri BMA-nın professoru, Əməkdar müəllim Gülnarə Acalova, quruluşçu rejissoru BMA-nın müəllimi Dimitri Babayevdir.

Sonda tədbirin qonağı – Fikrət Əmirovun qızı Sevil Əmirova belə maraqlı konsertin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.