Azərbaycan Milli Konservatoriyasında (AMK) 14-16 noyabr tarixlərində “Qloballaşan dünyada musiqi ənənələri” beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransa 10-dan çox ölkədən iştirakçılar qatılıb.

Tədbirin açılışında AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək iştirakçıları salamlayıb.

Konfransın moderatoru – AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova tədbirin məqsədi və proqramı haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.

Tələbə xoru Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib.

Sonra konservatoriyanın iki əsas konfrans zalında proqram üzrə çıxışlar başlanıb.

İlk günün yekununda AMK-nın tələbələrindən ibarət xalq çalğı alətləri orkestrinin (bədii rəhbər – Ellada Məmmədova) Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konserti təqdim olunub.

Noyabrın 15-də hər iki konfrans zalında iclaslar davam edib, iştirakçıların məruzələri dinlənilib.

Konfransın iclaslarına AMK-nın prorektoru, professor Lalə Hüseynova, ADPU-nun “Musiqi və onun tədrisi texnologiyası” kafedrasının müdiri, professor Zemfira Abdullayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəttah Xalıqzadə, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə, sənətşünaslıq elmləri doktorları, professorlar Abbasqulu Nəcəfzadə, Ülkər Əliyeva, AMK-nın dissertantı Alexandria Sultan von Bruseldorff rəhbərlik ediblər.

Noyabrın 16-da proqram üzrə iclaslar davam edib. Mövzular ətrafında müzakirələr aparılıb.

AMK-nın tələbələrdən ibarət xalq çalğı alətləri orkestrinin konserti ilə konfransa yekun vurulub.