Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15-20 noyabr tarixində keçirilən XVII Bakı Beynəlxalq Caz Festivalı başa çatmaq üzrədir.

Festival çərçivəsində noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “I am jazzman!” (“Mən cazmenəm!”) adlı gənc caz ifaçıları müsabiqənin qala-konserti olub.

Konsertin açılışını vokalçı Rahib Mirzəyev edib. Sonra “İmpro 42” caz kvarteti, “Karan və dostları” və “Unikal” qrupları, həmçinin Leyla Gərayzadə, Eldar Məmmədov, Röya Dadaşova, Aladi Uilson və başqaları konserti davam etdiriblər. Proqram “Ekalogic”in çıxışı ilə başa çatıb.

Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalının ənənəvi layihəsi olan müsabiqənin məqsədi ölkədə caz sənətinin təbliği və gənc istedadların üzə çıxarılmasıdır. “I am jazzman!” bu sahədə ilk addımlarını atan musiqiçilər üçün gözəl fürsətdir. Gənclərin əksəriyyəti ilk dəfə belə bir müsabiqəyə qatılmışdı. Onlar dünyanın məşhur caz ifaçılarının repertuarından müxtəlif kompozisiyalar ifa ediblər.

***

Noyabrın 19-da festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində israilli cazmen Yogev Şetritin triosunun (Amir Solomon (bas-gitara) və Devid Şitritlə (fortepiano ilə birlikdə) konserti olub.

Festivalın bağlanış mərasimini noyabrın 20-də İtaliyadan “Federiko Kasaqrande” triosu edəcək. Federiko Kasaqrande (gitara) səhnə yoldaşları Luka Fattorini (kontrabas) və Fulvio Siqurta (truba) ilə “Madrid Restobar”da çıxış edəcək.