Noyabrın 20-si Ağdam şəhərinin erməni işğalından qurtuluşunun ikinci ildönümüdür. 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

2020-ci il noyabrın 10-a keçən gecə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı birgə bəyanata əsasən, noyabrın 20-dək erməni silahlı qüvvələri Ağdam rayonunun işğal altındakı ərazisini tərk etməyə məcbur oldu.

Azərbaycan Ordusu itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğaldan azad edilən ərazilərinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycan bayrağı dalğalanmağa başladı.

İşğaldan öncə Qarabağın ən müasir, sosial-iqtisadi aktivliyi ilə seçilən şəhəri bu 27 ildə xarabazara çevrilib. Azərbaycan dövləti Ağdamı şəhərsalma mədəniyyətinin ən yeni nailiyyətləri əsasında qurmağa başlayıb və bu istiqamətdə işlər sürətlə davam etdirilir.

2022-ci il oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Milli Şəhərsalma Forumunda çıxış edən Prezident İlham Əliyev deyib: “İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb. Otuz il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb... Burada – Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz...”.

Ağdam şəhərinin, eləcə də rayonun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin yenidən qurulması layihələrinə başlanıldığını diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərin dirçəlişi bu gün Azərbaycan üçün milli ideyadır: “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır...”.

Qeyd edək ki, Ağdamda milli-mədəni irsin bərpası istiqamətində də layihələr həyata keçirilir. Ağdam Cümə məscidində əsaslı təmir-bərpa və yenidənqurma işləri görülür. Oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama səfər zamanı Pənahəli xanın sarayı və İmarət kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər.