Bakıda doğulan və musiqi təhsili alan məşhur bəstəkar, dirijor, pedaqoq, Rusiya Federasiyasının və SSRİ-nin Xalq artisti Murad Kajlayev Dağıstanın canlı əfsanəsidir.

Azərbaycan paytaxtında – əslən Dağıstanın Lak rayonunun Kumux kəndindən olan həkimlər Maqomed və Yelena Kajlayevlərin ailəsində dünyaya gələn Murad Kajlayev peşəkar musiqidə ilk nailiyyətini burada qazandıqdan sonra sənət ömrünü əcdadlarının vətəninə həsr edib, o cümlədən Dağıstanın ilk milli baletinin (“Dağlı qızı”) müəllifi olub.

Noyabrın 18-də Mahaçqaladakı Dağıstan Milli Muzeyində Murad Kajlayevə həsr olunmuş daimi ekspozisiyanın açılışı keçirilib. Mərasimdə 91 yaşlı sənətkar özü də iştirak edib.

“Layihə təkcə bəstəkarın həyat və yaradıcılığı ilə yaxından tanışlığa deyil, həmçinin Dağıstanın musiqi mədəniyyəti tarixi haqqında bir çox məqamları öyrənməyə imkan verir”, – Dağıstan Mədəniyyət Nazirlıyinin ekspozisiya ilə bağlı məlumatında deyilir.

“Mən bütün həyatımı Dağıstana həsr etmişəm. İstərdim ki, bura gələn insanlar Kajlayevlərin ruhunu hiss etsinlər. Çünki bu, sadəcə, bir sərgi deyil, eləcə də bizim nəsil haqqında kiçik bir xatirədir”, – deyə Murad Kajlayev bildirib.

Mərasimdə Dağıstanın mədəniyyət naziri Zarema Butayeva diqqətə çatdırıb ki, muzeydəki ən dəyərli eksponatlar arasında bəstəkarın şəxsi royalı, Dağıstanın ilk milli baleti – “Dağlı qızı”nın (1968) partiturasının orijinalı, Kajlayevin tarixi fotoları, bəstəkara verilmiş müxtəlif hədiyyələr var.

Murad Kajlayev 1931-ci il yanvarın 15-də Bakıda doğulub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) ali təhsil alıb. Sonralar Mahaçqalaya köçüb. Musiqidən dərs deyib, Dağıstan Radiosu Simfonik orkestrinin baş dirijoru, Dağıstan Dövlət Filarmoniyasının bədii rəhbəri olub, özünün yaratdığı “Qunib” ansamblına rəhbərlik edib. Daha sonra Moskvaya dəvət olunub, 1989-cu ildən 2007-ci ilədək Mərkəzi (Rusiya) Televiziya və Radiosunun Akademik orkestrinə rəhbərlik edib. Ömrünün ahıl çağında vətəni Dağıstana qayıdıb. 2008-ci ildə Mahaçqalada özünün incəsənət məktəbini yaradıb.

Maestro dünyanın müxtəlif şəhərlərində konsert proqramlarında iştirak edib. 2014-cü ildə gəncliyinin şəhəri Bakıda – Azərbaycan Dövlət Filarmoniyasında yaponiyalı pianoçu Çisato Kusunoki ilə birgə konsert proqramı verib. Sənətkar 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.

2018-ci il sentyabrın 21-də Heydər Əliyev Sarayında Murad Kajlayevin müəllif gecəsi keçirilib. “Professional səhnədə ilk əsərim 68 il əvvəl – 12 yanvar 1950-ci ildə Bakıda səslənib. Gəncliyimi, unudulmaz pedaqoq və valideynlərimi qaytara bilməsəm də, musiqi daim gənc və əbədiyaşardır. Qismətimə Azərbaycanda doğulmaq, burada təhsil almaq xoşbəxtliyi nəsib olub. Təhsilimi bitirdikdən sonra ata və babalarımın vətəni olan Dağıstana dönüb orada respublikanın musiqisinə öz töhfələrimi verməkdə davam etdim. Bugünkü konsertim doğma Azərbaycana minnətdarlıq işarəsidir”, – deyə o, müəllif gecəsində bildirmişdi.

Qeyd edək ki, M.Kajlayevin əsərləri arasında Azərbaycan motivli nümunələr də var. Onun “Bakı haqqında xatirələr” əsəri ilk dəfə Niyazinin dirijorluğu ilə 1956-cı ildə Dağıstanda ifa edilib. 1980-ci ildə bəstəkar Nizaminin “Xosrov və Şirin” poemasının motivləri üzrə “Simfonik freskalar”ı ərsəyə gətirib.

Dərbənddəki Azərbaycan Dram Teatrı da M.Kajlayevin yaradıcılığına müraciət edib. 2022-ci ildə teatrda bəstəkarın “Validə” operettası səhnəyə qoyulub. Tamaşaya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib. Bəstəkar operettanı həyat yoldaşı Validə Kajlayevaya (2022-ci ildə dünyasını dəyişib) həsr edib.

V.Kamal