Toplunun 16 cildində Azərbaycan ədəbiyyatı əks olunub

 

Türk dövlətləri şair və yazıçılarının özbək dilinə tərcümə olunmuş əsərlərindən ibarət “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyası Daşkənddə çap edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) verilən məlumata görə, unikal nəşr layihəsi Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə həyata keçirilib. Şavkat Mirziyoyev Türk Şurasının (2021-ci ildən Türk Dövlətləri Təşkilatı – TDT) 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə toplantısında irəli sürülən təkliflər əsasında “Türk ədəbiyyatının inciləri” adlı 100 cildliyin hazırlanması və nəşri ilə bağlı sərəncam vermişdi.

Özbəkistan Yazıçılar Birliyi və Elmlər Akademiyası tərəfindən hazırlanmış çoxcildlikdə TDT üzvləri Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, eləcə də müşahidəçi üzvlər Türkmənistan və Macarıstan ədəbiyyatına dair 629 şair, yazıçı və mütəfəkkirin əsərləri yer alıb.

Azərbaycan ədəbiyyatından Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Əfzaləddin Xaqani, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Heyran xanım, Natəvan, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə  kimi klassiklərlə yanaşı, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Vurğun, Mirzə İbrahimov, Əhməd Cavad, Süleyman Rüstəm, Almas İldırım, Mikayıl Müşfiq, Rəsul Rza, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Anar, Elçin, Sabir Rüstəmxanlı, Ramiz Rövşən – ümumilikdə 200-ə yaxın müəllifin əsərləri toplam 16 cilddə təqdim olunur. Çoxcildlikdə Heydər Əliyev adına AMM-in Azərbaycan ədəbiyyatına dair tərcümələrindən də geniş istifadə olunub.

Özbəkistanda bu möhtəşəm layihənin ərsəyə gəlməsində 200-dən çox tərcüməçi, 100-dən çox ədəbiyyatşünas və mətnşünas, yazıçı, redaktor və rəssam iştirak edib. 100 cildlik 200 min nüsxə tirajla “Özbəkistan” nəşriyyatında çap olunub.

Noyabrın 22-də Özbəkistan Dövlət Şərqşünaslıq Universitetində türk dövlətlərinin Özbəkistandakı səfirlikləri və mədəniyyət mərkəzlərinin iştirakı ilə layihənin geniş təqdimatı keçirilib.

“Türk ədəbiyyatının inciləri” 100 cildlik kitablar seriyasının nəşri qardaş ölkənin türk mədəniyyəti, ədəbiyyatına böyük töhfəsi sayılır və cəmiyyətdə böyük rezonans doğurub.

Layihənin davam etdirilməsi, türk dövlətləri ilə yanaşı, bütövlükdə Türk dünyası, türk toplumlarının şair və yazıçılarının da əsərlərinin nəşri nəzərdə tutulub.