Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfəri çərçivəsində Azərbaycan və özbək xalqlarının görkəmli şairi, ədəbiyyatşünas Maqsud Şeyxzadənin (1908-1967) Daşkənd şəhərindəki heykəlini ziyarət edib.

Fondun prezidenti Maqsud Şeyxzadənin iki qardaş xalqın – Azərbaycanın və Özbəkistanın fəxri olduğunu, öz yaradıcılığı ilə hər iki dövlətin bir-birinə daha da yaxınlaşmasına dəyərli töhfələr verdiyini bildirib.

M.Şeyxzadənin bədii irsini yüksək qiymətləndirən Günay Əfəndiyeva onun həm də türk ədəbiyyatının təbliği istiqamətində geniş fəaliyyət göstərdiyini, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhdimqulu Fəraqi, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun, Rəsul Rza, Nazim Hikmət, Osman Sarıvəlli kimi türk dünyasının söz sənətkarlarının əsərlərini özbək dilinə tərcümə etdiyini vurğulayıb.

Ziyarət zamanı Fondun nümayəndə heyətini Özbəkistan Mədəni İrs Agentliyinin birinci müavini, professor Tursunəli Kuziyev müşayiət  edib.