Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Fikrət Əmirovun 100 illiyi ilə əlaqədar silsilə materiallar – “Mədəniyyət tariximizdə dərin iz qoyan, musiqimizin böyük dayağı” adlı videomaterial, virtual və ənənəvi sərgi hazırlayıb.

Kitabxanadan bildirilib ki, materiallarda Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun həyatı və yaradıcılığı, ölkəmizdə və ölkəmizdən kənarda qazandığı uğurlar, bəstəkarlıq fəaliyyəti haqqında geniş məlumatlar əksini tapıb.

Materiallarda Fikrət Əmirovun 100 illik yubileyi haqqında Azərbaycan Prezidentinin sərəncamı, sənətkarın musiqi yaradıcılığı ilə yanaşı, təltif və mükafatları, bir sıra görkəmli şəxslərin xatirələri və dahi bəstəkar haqqında söylədikləri fikirlər də yer alıb. Hazırlanan materiallarda Fikrət Əmirovun film və teatr tamaşalarına musiqi bəstələməsi, bir sıra uşaq mahnılarının müəllifi olması da qeyd edilib. Virtual sərgidə istifadəçilər Fikrət Əmirovun həyat və yaradıcılığından bəhs edən Azərbaycan və rus dillərində nəşr edilən kitablarla da tanış ola bilərlər.

Gənclər Kitabxanasında "Bəstəkar Fikrət Əmirov - 100" adlı ənənəvi sərgi də təşkil edilib. Sərgidə bəstəkarın not əsərləri, həyat və yaradıcılığı haqqında kitablar, dövrü mətbuat materialları yer alıb.