Azərbaycanın turizm imkanları noyabrın 20-də Qətərdə başlayan Futbol üzrə Dünya Çempionatı müddətində yerli sakinlərə və əcnəbi azarkeşlərə tanıdılır.

Dövlət Turizm Agentliyindən bildirilib ki, çempionatla bağlı Qətərə səfər edən əcnəbilərin Azərbaycana da səyahət imkanı və bunun üçün viza prosedurunun sadələşdirilməsi diqqətə çatdırılaraq, müxtəlif platformalarda ölkəmiz haqqında məlumat verilir.

Reklam xarakterli məlumatlar hazırda çempionatda iştirak etmək hüququ almış ölkələrin “Facebook” və “Google” platformalarının istifadəçiləri üçün əlçatandır. Hədəf auditoriyasından olan azarkeşlər reklam üzərindən “Azerbaijan.travel” saytında yaradılmış xüsusi səhifəyə (https://azerbaijan.travel/qatar-world-cup) keçid edirlər.

Reklam xarakterli məlumat həmçinin “CNN”, “Euronews” media kanallarında, “Wego” və “Expedia” kimi qlobal platformalarda da yayımlanır. Məlumatlılığı artırmaq məqsədilə Qətərin Doha, Əl-Rayan və Lusail şəhərlərində bilbordlar, rəqəmsal bannerlər yerləşdirilib. Təbliğat kampaniyası 20 noyabr – 20 dekabr tarixlərini əhatə edəcək.