Milli bayramımız mədəni turizmin təşviqi üçün geniş imkanlara malikdir
   
   Azərbaycan xalqının zəngin mədəni irsi, özünəməxsus adət-ənənələri, rəngarəng mətbəxi, el sənətkarlığı, milli geyimləri, rəqsləri, oyunları və coşğu ilə qeyd etdiyi bayramları hər zaman əcnəbilərin diqqətini çəkib. Təsadüfi deyil ki, xalqımızın bir çox adət-ənənələrini, mərasimlərini günümüzə qədər qoruyub saxlayan və öz orijinallığı ilə seçilən Novruz bayramı da minlərlə xarici turistləri ölkəmizə cəlb edir.
   
   Çünki insanların dünyanın bu və ya digər ölkələrinə turist səfəri etməyə sövq edən amillərdən biri də onların yerli mədəniyyətə, spesifik adətlərə, milli bayramlara olan marağıdır.
   
   Yaz mərasimləri turistləri xüsusilə cəlb edir
   
   Azərbaycanlılar kimi, əksər Şərq xalqları yaz fəslinin gəlməsi, təbiətin canlanması, yeni astronomik ilin başlanmasını çeşidli mərasimlər, şənliklərlə qeyd edirlər. Qeyd edək ki, əksər xalqların mifologiyasında dünyanın yaranmasında dörd ünsürün rolu, demək olar ki, eyni formada açıqlanır, bununla bağlı mıərasimlər də bir çox ölkələrdə yaz fəslinə təsadüf edir. Məsələn, hər il fevral-mart aylarında Hindistanda Holi adlı bahar bayramı keçirilir. Bu, qədim ənənələr, əfsanələrlə bağlı bayramdır. Hesab olunur ki, yazın gəlişi təmtəraqla qeyd olunarsa, həmin il bolluq-bərəkət olar. Holi bayramında insanlar tonqal qalayır, pis ruhların müqəvvalarını yandırır, ellikcə gəzintiyə çıxır, rəqslər edirlər. Bayramda çoxlu şirniyyat bişirilir. Çində də Novruza oxşayan Sinmin adlı bayram qeyd olunur. Aprelin əvvəlində qeyd olunan bayramda insanlar gəzintiyə çıxır, çərpələng uçurur, şənlənirlər. Novruz kimi, Sinmində də bayramın mühüm atributlarından biri boyanmış yumurtadır.
   Xristian xalqlarının Pasxa (İsa Məsihin zühuru) bayramı da müəyyən mənada Novruzu xatırladır. Bu bayramda da bol süfrə açılır, insanlar bir-birinə boyanmış Pasxa yumurtası bağışlayırlar.
   Braziliyada Pasxadan 40 gün (xristianlıqda “Böyük orucluq”) əvvəl geniş təntənələrlə keçirilən karnaval dünyanın dörd yanından çoxlu turist cəlb edir. Braziliyanın ən böyük şəhəri olan Rio-de-Janeyroda keçirilən ənənəvi Rio karnavalı bütün dünyada məşhurdur. Hər il karnaval zamanı turist səfərlərindən ölkə büdcəsinə milyonlarla dollar vəsait daxil olur.
   
   Milli bayramımız turizm məhsulu kimi təbliğ olunmalıdır
   
   UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan, BMT tərəfindən beynəlxalq bayramlar sırasına daxil edilən Novruz da öz koloritinə görə dünyada kütləvi şəkildə qeyd olunan bayramlardan, karnaval və mərasimlərdən geri qalmır. Bu səbəbdən də Novruzun həm də ölkəmizə turist cəlb etmək üçün təbliği önəm kəsb edir.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, Novruz xalqımızın əziz bayramı kimi qeyd olunmaqla yanaşı, həm də ölkəmizə çoxsaylı turist cəlb edən milli mərasimdir. Məhz buna görə də bayram günlərində turizm şirkətlərinə tövsiyə olunur ki, ölkənin regionlarına “Novruz” turları təşkil etsinlər: “Bu, xarici turistlərə Azəraycanın milli dəyərlərini tanıtmaq üçün bir vasitədir. Həm də turistlər üçün maraqlı və rəngarəng proqramdır. Ölkəmizin müxtəlif bölgələrində Novruz bayramı məxsusi özəlliklə qeyd edilir. Məsələn, Qazax rayonunun Salahlı kəndində bu bayram spesifik tərzdə keçirilir. Təbii ki, bütün bunlar xarici turistlər üçün də çox maraqlıdır”.
   Sektor müdiri bildirdi ki, Azərbaycan hələ bir neçə il öncə İqtisadi Əməkdaşlıq Təşkilatı (Azərbaycan, Türkiyə, İran və Orta Asiyanın müsəlman ölkələrinin regional birliyi - red.) çərçivəsində Novruz bayramının turizm məhsulu kimi tanınması məsələsini də qaldırıb. Bu təşkilata daxil olan ölkələrdə Novruz geniş şəkildə qeyd olunduğundan təklif edilib ki, bayram günlərində həmin ölkələri də əhatə edən eyniadlı mədəni turizm marşrutu yaradılsın: “ İstəyirik bu ölkələrlə qarşılıqlı Novruz turları təşkil edək. Bayram günlərində ölkəmizə daha çox turist cəlb olunması Azərbaycanın mədəni dəyərlərinin təbliği, turizm potensialımızn tanıdılması yönündə mühüm addımdır”.    

   İstirahət məkanlarında Novruz havası
   
   Biz də kiçik bir araşdırma apararaq turizm şirkətlərinin Novruzla bağlı hansı proqramlar hazırladıqlarını öyrəndik.
   “Spekt travel” şirkəti Novruz günlərində həm yerli marşrutlarda, həm də xarici ölkələrə turlar təklif edir. Şirkətin baş direktoru Göydəniz Qəhrəmanovun sözlərinə görə, Naxçıvan və Qəbələyə turlar təşkil edilib. 3 gün-1 həftə müddətində nəzərdə tutulan turlarla bağlı artıq kifayət qədər müraciətlər var. Xarici turlar isə əsasən Türkiyəyə və Dubayadır. 600 manatdan başlayan qiymətlərlə həyata keçiriləcək turlar zamanı turistlər 3 və 4 ulduzlu hotelləri seçə bilərlər. Bu qiymətlərə gediş-dönuş, viza, hoteldə qalmaq və səhər yeməyi daxildir.
   “Dərviş travel” də Novruz günlərində turistlərə zəngin paketlər təklif edir. Şirkətin baş direktoru Nadir Nadirovun sözlərinə görə, bayram münasibətilə Quba, Qəbələ, Şəki və Masallı rayonlarına müxtəlif turlar təşkil edilib. 2 və 3 günlük turların müddəti turistlərin istəyinə uyğun olaraq artırıla da bilər. 90-140 manat arasında olan qiymətlərə nəqliyyat xərci, hoteldə qalma və səhər yeməyi daxildir. Turistlərin yerləşəcəyi bəzi hotellərdə Novruz bayramı ilə bağlı şənliklər də təşkil olunacaq. Şirkət həmçinin Türkiyə, Dubay, Tailand, Malayziya və Avropa ölkələrinə də turlar təklif edir. Şirkət rəhbərinin bildirdiyinə görə, Novruz ərəfəsində bu ölkələrə təşkil edilən turların qiymətləri qalxıb. Bu isə aviabiletlərin bahalaşması ilə əlaqədardır. Bu səbəbdən adi günlərdə Dubaya 1 həftəyə 600 manata təklif edilən turların qiyməti indi 800-1000 manat arasında dəyişir: “Hazırda Dubayda dincəlmək Avropada istirahətlə, demək olar ki, eyni qiymətə başa gəlir. Ona görə də müştərilər Novruz günlərində xaricdə istrahət etmək istəyənlər daha çox Avropa ölkələrini seçirlər”.
   “Millennium” turizm şirkəti öz müştərilərinə Novruz bayramı ilə bağlı daha çox yerli istirahət məkanlarımıza turlar təklif edir. Şirkətin daxili turizm şöbəsinin əməkdaşı Əfqan Şahquliyevin dediyinə görə, martın 23-də Quba rayonuna birgünlük tur təşkil ediləcək. 2012-ci il üçün Azərbaycanın “Sənətkarlıq paytaxtı” seçilmiş bu məkana səfər zamanı iştirakçılar şəhər mərkəzi ilə tanış olacaqlar. Bunun üçün 25 manat ödəmək kifayətdir. Bu məbləğə nəqliyyat xərci, qəlyanaltı, nahar yeməyi və çay süfrəsi daxildir. Şirkətin təşil etdiyi daha bir tur 20-24 mart tarixlərində Şəkidə fəaliyyət göstərən “Küncüt” və martın 21-də Lerikdə yerləşən “Relax” istirahət mərkəzlərinədir. Hər iki istirahət məkanında Novruz şənliklərinin keçirilməsi də nəzərdə tutulur. Hər iki məkanda istirahət turistlərə 50 manata başa gələcək. Buraya hoteldə qalma, nəqliyyat və səhər yeməyi daxildir. “Relax”da arzu edənlər gün ərzində 15 manat əlavə ödəməklə tam paket əldə edə bilərlər.
   “Millennium” Novruz günlərində Türkiyəyə və Dubaya da turlar təklif edir. Şirkətin xarici turizm şöbəsinin əməkdaşı Faida Məmmədovanın sözlərinə görə, Dubaya qiymətlər 219 manatdan, Türkiyənin İstanbul şəhərinə isə 320 manatdan başlayır və buraya 3 və 4 ulduzlu hoteldə qalmaq, səhər yeməyi daxildir. Aviabilet müştərinin öz hesabınadır.
   
   Hotellərdə bayram tədbirləri olacaq
   
   Novruz bayramı ərəfəsində istirahət məkanlarımızda təşkil ediləcək bayram proqramları və onların qiymətləri ilə də maraqlandıq. Bəri başdan qeyd edək ki, Yeni il ərəfəsində gur-gur guruldayan istirahət mərkəzlərinin əksəriyyətində Novruz münasibətilə tədbirlərin nəzərdə tutulmadığını bildirdilər.
   Novxanıda yerləşən “AF Hotel Aqua Park” Azərbaycanda yerli və xarici turistlərin seçdiyi tanınmış istirahət mərkəzlərindəndir. Burada qiymətlər ötənilkinə nisbətən bu il bir qədər qalxıb. Hotelin ön büro müdiri Kəmalə Səfərovanın dediyinə görə, burada iki nəfər üçün nəzərdə tutulan bir otağın qiyməti 70 manat, 1 nəfər üçün nəzərdə tutulan otağın qiyməti 55 manat, dörd nəfərin yerləşə biləcəyi 3 otaqlı apartament 120 manatdır. Dörd nəfərlik ikimərtəbəli koteclər 120, 4 nəfərlik vip nömrələr isə 200 manatdır. Qeyd edək ki, bu qiymətlərə yalnız səhər yeməyi daxildir.
   K.Səfərova bildirdi ki, istirahət mərkəzində artıq bütün yerlər bronlaşdırılıb: “Bu il Azərbaycanda Novruz bayramının daha geniş səviyyədə qeyd edilməsi ilə əlaqədar olaraq xarici ölkələrdən, xüsusilə İrandan çoxsaylı qonaqlarımız olacaq. Ötən ildən fərqli olaraq bu il təntənəli Novruz şənliyinin keçirilməsi nəzərdə tutulur. Amma bunun hansı günlərdə və hansı formada etməyi hələlik müəyyənləşdirməmişik. Bunun səbəbi isə şənliyi qonaqlarımızın istəyinə uyğun formada təşkil etmək istəyimizdir”.
   Builki Novruz Bakıda yerləşən hotellərdə də müxtəlif tədbirlərlə qeyd ediləcək. “Hilton Bakı”, “Kempinski Badamdar” və “Avropa” hotellərində keçirilən tədbirlər zamanı müştərilərin istəyinə uyğun olaraq müxtəlif bayram proqramları nəzərdə tutulur.
   Beləliklə, hər bir kəs Novruz bayramını harada qarşılamaq məsələsində sərbəstdir. Bizim də bu araşdırmanı aparmaqda məqsədimiz, sadəcə, vətəndaşlarımıza gedəcəkləri məkanı seçməkdə köməklik göstərməkdir ki, seçimlərində yanılmasınlar.
   Bayramınız mübarək!
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar