Azərbaycanın Türkiyədəki Səfirliyinin “Şuşa İli” çərçivəsində tədbirləri davam edir. Noyabrın 22-də səfirliyimizin və Ankaradakı Hacı Bayram Vəli Universitetinin birgə təşkilatçılığı ilə düzənlənən mərasim və kitab təqdimatı da bu qəbildən idi.

Hacı Bayram Vəli Universitetində keçirilən tədbirdə əvvəlcə “Şuşa İli”nə həsr olunan fotosərgi açılıb. Mərasimə qatılan rəsmi şəxslər, universitetin professor, müəllim və tələbə heyəti, tanınmış ziyalılar sərgi ilə tanış olublar.

Azərbaycanın qədim tarixini, təbiətimizin əsrarəngiz gözəlliyini, Bakının əzəmətini, Naxçıvanın füsunkar dağlarını özündə əks etdirən fotolar barədə iştirakçılara məlumat verilib. Qonaqlar həmçinin Azərbaycan həqiqətlərinə dair nəşrlərlə də tanış olublar.

Mərasimdə ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki ölkənin Dövlət himnləri səsləndirilib. Sonra Şuşaya həsr olunmuş film nümayiş etdirilib. “Paşa Həyat Sığorta” ASC-nin dəsətəyi ilə türk dilində nəşr olunmuş “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” nəşrləri barədə iştirakçılara məlumat verilib.

Sonra Hacı Bayram Vəli Universitetinin prorektoru Orxan Karakurt, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı və “Paşa Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılovun çıxışları dinlənilib.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” kəlamları xatırladılıb, 44 günlük Vətən savaşında qazanılan şanlı Qələbə və Şuşanın qurtuluşunun əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ və ətraf bölgələrin işğaldan qurtuluşu prosesinə dair gerçəklərin dünya ictimaiyyətinə kimi çatdırılmasına böyük töhfələr verir.

Sonda bədii proqram təqdim olunub.

Mehparə Sultanova
Ankara