Avropa Şurasının təcrübəsi əsasında Azərbaycanda 4 mədəni turizm layihəsi həyata keçirilir
   
   Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı, gəzməli-görməli guşələrimizə cəlb etmək məqsədilə 2003-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bölgələr üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü isə əlavə marşrut hesab edilir. Əsas turizm marşrutlar Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvandır.
   
   Bu marşrutlar üzərində hansı bölgələrdə turizm növlərini inkişaf etdirmək mümkündürsə, bu istiqamətdə müvafiq işlər görülür. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi təşkil edildikdən sonra bu işlər daha ardıcıl şəkildə aparılır. O cümlədən turizm baxımdan perspektivli bölgələrimiz beynəlxalq səviyyədə təbliğ olunur. Bu məqsədlə Avropa Şurasının təcrübəsi əsasında rayonların turizm imkanlarının tanıtdırılması üçün layihələr həyata keçirilir. Bunlar «Böyük İpək Yolu», «Şərab, mədəniyyət və turizm mübadiləsi», «Aleksandr Düma Qafqazda» və «Azərbaycanda alman məskənləri» layihələridir. Onların həyata keçirilməsi eyni zamanda ölkəmizə gələn turistlərin sayının artmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir.
   
   “Şərab, mədəniyyət və turizm mübadiləsi”
   
   Qeyd edək ki, yerli turizm marşrutlarından fərqli olaraq beynəlxalq turizm marşrutları iki və daha çox ölkəni əhatə edir və turizm sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə yönəlir. “Şərab, mədəniyyət və turizm mübadiləsi” layihəsi şərab sənayesi və turizm sahəsində əlaqələrin mübadiləsinə və genişlənməsinə əlverişli şərait yaratmaq məqsədi daşıyır. Layihə “Kiyev Təşəbbüsü” Regional Proqramının iştirakçılarını (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan), həmçinin Türkiyə, Yunanıstan, Serbiya, Bolqarıstan, Rumıniya və İtaliyanı əhatə edir.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin mütəxəssisləri və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri tərəfindən layihə çərçivəsində mədəni turizm marşrutuna salınacaq rayonlar müəyyən edilib. Bu rayonlar Xaçmaz, Bakı, Abşeron, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay, Samux, Gəncə, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Şəki, Qax, Zaqatala, Balakəndir. Qeyd edək ki, son dörd rayonda şərab istehsalı müəssisələri olmasa da, onların turizm potensialı və bu marşrut üzrə Gürcüstanla həmsərhəd olması nəzərə alınaraq layihəyə daxil edilib.
   Son bir neçə ildə bu mədəni turizm marşrutunun təbliği və təşviqi istiqamətində müxtəlif işlər görülüb. İlk növbədə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi tərəfindən layihənin həyata keçirilməsinə dair tədbirlər planı və layihənin mandat sənədi (Terms of Reference) hazırlanıb. Bundan əlavə, layihənin əsas məqsədlərindən birinin yerli şərab istehsalçılarına dəstək göstərilməsi olması nəzərə alınaraq Azərbaycanda şərabçılıqla və turizm fəaliyyəti ilə məşğul olan müxtəlif səviyyəli şirkətlər buraya cəlb edilib. Həmçinin Bakı şəhərində və regionlarda keçirilən beynəlxalq tədbirlər zamanı, eləcə də adi günlərdə konyak və şərab məhsullarının satış mərkəzləri, dequstasiyası təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən beynəlxalq infoturların müsbət nəticələri və turistlərin regional turizm marşrutlarına artan marağı nəzərə alınaraq Gürcüstanla birgə “Şərab Yolu” marşrutu üzrə regional infoturun keçirilməsi ilə bağlı danışıqlar aparılır.
   
   Beynəlxalq marşrutların təbliği daim diqqət mərkəzindədir
   
   “Aleksandr Düma Qafqazda” beynəlxalq mədəni turizm marşrutu layihəsi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə irəli sürülüb. Layihə Azərbaycan, Gürcüstan və Dağıstanda turizmin inkişafına yönəlib. “Aleksandr Düma Qafqazda” beynəlxalq mədəni turizm marşrutu layihəsi 2007-ci il 30 yanvar tarixində Azərbaycanla Fransa arasında imzalanmış “Turizm sahəsində əməkdaşlıq haqqında Saziş”də əksini tapıb. Bundan öncə, 2006-cı ildə Avropa Şurasının Mədəni Marşrutlar İnstitutunun ekspertləri marşrutu tədqiq etmək məqsədilə Azərbaycanda olub və Azərbaycan nümayəndələri ilə birgə Qusar-Quba-Sumqayıt-Bakı-Şamaxı-Qəbələ-Şəki-Zaqatala-Balakən marşrutu üzrə hərəkət edərək Gürcüstan ərazisinə keçiblər.
   Bu layihənin də təbliği daim diqqət mərkəzində olub. Xüsusilə Azərbaycanda və digər ölkələrdə keçirilən beynəlxalq turizm sərgiləri zamanı turizm marşrutu ilə bağlı ziyarətçilərə ətraflı məlumat verilib. Bu məqsədlə “Bakı-Tur” şirkəti tərəfindən “Aleksandr Düma Qafqazda” layihəsinin Azərbaycan hissəsi üçün 7 dəqiqəlik disk, rus, ingilis, fransız və yapon dillərində bukletlər hazırlanıb.
   Qeyd edək ki, hazırda Qəbələ rayonunda fəaliyyət göstərən “Karvan” mehmanxanasının birinci mərtəbəsində “Düma” restoranı fəaliyyət göstərir.
   “Azərbaycanda alman məskənləri” beynəlxalq mədəni turizm marşrutu GTZ (Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti) və Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2006-cı ildə hazırlanıb və eyni adlı layihə əsasında yaradılıb. Nazirliyin və GTZ-nin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində vaxtilə almanların yaşadığı Göygöl, Şəmkir, Gədəbəy, Daşkəsən, Tovuz, Qazax, Ağstafa rayonları, Gəncə və Naftalan şəhərləri marşruta daxil edilib.
   Almaniyanın “EuroKaukAsia” təşkilatının təşəbbüsü ilə bu marşruta alman turistləri cəlb edilib, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın Almaniyadakı səfirliyi ilə birgə bu ölkənin turizm şirkətlərindən və media nümayəndələrindən ibarət hər qrupda 15 nəfər olmaqla, marşrut üzrə beynəlxalq infoturlar keçirib. Bundan başqa, 2007-ci ildə “Azərbaycanın Qərb bölgəsində turizmin strateji inkişaf planı” hazırlanıb.
   Son illər Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi və Göygöl Şəhər İcra Hakimiyyətinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində seminarlar, görüşlər təşkil edilib, layihələr həyata keçirilib.
   Qeyd edək ki, layihələrin həyata keçirilməsində problemlər də mövcuddur. Belə ki, layihəyə daxil edilmiş bəzi abidələrin bərpasına ehtiyac var, mədəniyyət və turizm obyektlərinə gedən yolların heç də hamısının vəziyyəti qənaətbəxş deyil. Həmçinin turizm şirkətlərinin layihələrə marağı lazımi səviyyədə deyil. 
   

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar