Mədəniyyət naziri Anar Kərimovun 18 noyabr 2022-ci il tarixli əmri ilə Əməkdar artist İntiqam Soltan (İntiqam Soltan oğlu Həsənli) Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.

Yeni direktor teatrın kollektivinə təqdim edilib.

İntiqam Soltan 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsini bitirib. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 1995-2002-ci illərdə Gənclər Teatrında aktyor, 2002-ci ildən Bakı Uşaq və Gənclər Teatrında direktor-bədii rəhbər vəzifəsində çalışıb. 100-dən çox tamaşanın rejissorudur. Beynəlxalq festivallarda iştirak edib. Onun 1990-cı ildə yaratdığı "Körpəm" eksperimental uşaq teatrı azyaşlılara teatr sənətini öyrədən ilk müəllif məktəbi olub. Bir çox teatrla bağlı layihələrin, üç kitabın müəllifidir. 2018-ci ildən Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib.

2014-cü ildə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" nişanı ilə təltif olunub.

2018-ci ildə teatr sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının "Əməkdar artisti" fəxri adına layiq görülüb.