Bu il dünya şöhrətli dirijor, bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov; 1912-1984) 110 illiyidir. Maestronun yubileyi münasibətilə mədəniyyət ocaqlarında müxtəlif tədbirlər keçirilir, sənətkarın Azərbaycanın musiqi mədəniyyətinə verdiyi mühüm töhfələr xatırlanır.

Dekabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Niyazinin yubiley gecəsi təşkil olunacaq.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor – Rauf Abdullayev, dirijorlar – Fuad İbrahimov, Mustafa Mehmandarov) çıxış edəcək.

Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. O, 1951–1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləyib. Onun yozumunda Azərbaycan bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası dünya musiqisinin qızıl fonduna daxil olub. Maestro M.Maqomayevin “Nərgiz”, Q.Qarayev və C.Hacıyevin “Vətən”, F.Əmirovun “Sevil”, P.Çaykovskinin “Qaratoxmaq qadın”, A.Borodinin “Knyaz İqor”, J.Bizenin “Karmen”, C.Puççininin “Bohema”, B.Smetananın “Satılmış gəlin” operalarını, S.Hacıbəyovun “Gülşən”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərini tamaşaya hazırlayıb. 1959-cu ildə SSRİ Xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə Leninqrad (Sankt-Peterburq) Opera və Balet Teatrının baş dirijoru təyin olunub.

"Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifi olan bəstəkar həmçinin Ə.Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almaz", S.Vurğunun "Vaqif”, A.Korneyçukun "Polad qartal" dram tamaşalarına, eləcə də "Almaz", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə musiqilər yazıb.