23-25 dekabr tarixində "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi, Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə II Sumqayıt Kitab Sərgisi keçiriləcək.

Birincisi ötən ilin oktyabrında keçirilən və şanlı Zəfərimizin birinci ildönümünə həsr olunan sərgi rəğbətlə qarşılanmışdı.

Bu il “Bölgələrə kitabla gedirik!” şüarı altında Sumqayıt şəhərindəki “Kimyaçı” Mədəniyyət Sarayında təşkil olunacaq ikinci sərginin rəngarəng proqramı var. Üç gün sürəcək sərgidə ölkəmizin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evi iştirak edəcək. Kitab bayramında nəşrlərə böyük endirim tətbiq olunacaq. Bundan əlavə, sərgi çərçivəsində tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və ustad dərsləri keçiriləcək.

Qeyd edək ki, Sumqayıtdakı kitab bayramında oxucular Mədəniyyət Nazirliyi və Milli Kitabxananın işğaldan azad edilmiş ərazilərdə yaradılacaq kitabxana fondları üçün ədəbiyyat nümunələrinin toplanılmasını nəzərdə tutan “Qarabağa kitabla gedirik!” birgə layihəsinə dəstək ola bilərlər. Oxucular tərəfindən təqdim olunan kitablar Qarabağda qurulacaq kitabxanalara veriləcək.

Nurəddin