Bolqarıstan sərgidə ilk dəfə “qonaq ölkə” qismində iştirak edəcək
   
   Aprelin 12-dən 14-dək Bakıda ilin mühüm turizm hadisələrindən biri - 11-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi (AİTF) keçiriləcək. Qafqaz regionunun aparıcı beynəlxalq sərgisi statusunu qazanan tədbir “Bakı Ekspo” mərkəzində gerçəkləşəcək. Tədbirin təşkilatçısı “İteca Caspian” şirkətidir.
   
   “Bütün dünya - bir sərgi” devizi altında keçirilən AİTF-2012 sərgisi xüsusi olaraq Azərbaycan bazarı üçün hazırlanmış eksklüziv turizm təkliflərini təqdim edən 200-dən çox şirkəti bir araya gətirəcək. Sərgi 60-dan çox turizm marşrutunu, 15 milli ekspozisiyanı və 30-a yaxın iştirakçı ölkəni təqdim edir. Builki sərginin debütantları Qətər, Polşa, Bolqarıstan, İndoneziya, Vyetnam və Slovakiyadır. Əhali arasında getdikcə daha çox marağa səbəb olan ekzotik turizm isə bu istiqamətlərlə təmsil olunacaq: Maldiv adaları, Mavriki, Malayziya, Seyşel adaları, Tailand və s. Ardıcıl olaraq üç ildir ki, Türkiyə AİTF sərgisinin “tərəfdaş ölkə”sidir. Bolqarıstan isə builki sərgidə ilk dəfə «qonaq ölkə» qismində iştirak edəcək. “Silk Way Travel” şirkəti ikinci ildir ki, sərgiyə qeydiyyatın sponsorudur. Gürcüstan, Sloveniya, Malayziya, Hindistan, Rusiya, Misir, Çexiya və Dubay Əmirliyi sərgidə öz milli ekspozisiyalarını nümayiş etdirəcək.
   Builki sərgini fərqləndirən cəhət müalicəvi turizmin maraqlı və geniş ekspozisiyası olacaq. Artıq bir neçə ildir ki, turizmin bu istiqamətinə tələbat var. Rusiyanın Stavropol diyarının stendi özündə Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı və Pyatiqorsk kurort şəhərlərinin ekspozisiyalarını birləşdirəcək. Ukrayna şirkətləri bu ölkənin kurort şəhərlərində, habelə Krımda kompleks istirahət imkanlarını təqdim edəcəklər. Müalicə turizmini təklif edən debütant şirkətlərin siyahısına bir sıra profilli təşkilatlar, o cümlədən Litvanın Milli SPA Assosiasiyası, habelə Sloveniyanın 6 lüks səviyyəli termal SPA kurortunu təqdim edən regional “The Land of Celje” təşkilatı daxildir.
   Yerli iştirakçıların ekspozisiyasının bir hissəsini isə dünya hotel sənayesinin ölkəmizdəki məşhur brendləri, o cümlədən “Fairmont”, “Hilton Baku”, “Four Seasons” və “Park Inn” hotelləri təşkil edəcək.
   Sərginin ilk iki günündə Asiya, Fars körfəzi ölkələri və Hind okeanı adaları da daxil olmaqla, Qətər Hava Yollarının uçuş istiqamətləri üzrə hotellər və kurort zonalarının tematik təqdimatları olacaq. Tailandın milli turizm agentliyi isə bu ölkədəki ekzotik kurortların təqdimatını keçirəcək. Dörd Mərkəzi Avropa ölkəsinə - Slovakiya, Polşa, Macarıstan və Çexiyaya turlar “Vışeqrad dördlüyü” tərəfindən təqdim olunacaq. Milli turizm ofislərinin nümayəndələri həmin ölkələrin turizm imkanlarını, o cümlədən müalicə kurortları, termal hovuzlar, dağ-xizək kurortları, şəhərlər və UNESCO-nun siyahısına daxil olan tarixi abidələri təqdim edəcəklər.
   
   “Horex-2012”də 8 ölkənin hotel sənayesinin brendləri nümayiş olunacaq
   
   “AİTF” sərgisi ilə bir meydançada yerləşəcək 6-cı Qafqaz beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisində (“Horex-2012”) isə Avstriya, İtaliya, Almaniya, Belçika, Rusiya, Türkiyə, Ukrayna və Fransanın hotel sənayesinin “La Cimbali”, “Santos”, “Robot Coupe”, “Rational”, “Winterhalter”, “Karma-Global”, “Rotondi”, “Scotsman”, “Modular”, “Bonnet”, “Sagi Spa”, “Rovabo”, “Danube International”, “Muehldorfer” və “Ingrid Lesage Creations” kimi məşhur brendləri və digər şirkətlər təqdim olunacaq. Ekspozisiyanı mehmanxanalar, restoranlar və hotellər üçün peşəkar mətbəx və camaşırxana avadanlıqları, məişət kimyası, parçalar və eksklüziv qablar, mehmanxanalar üçün internet vasitəsilə bron etmə və ödəniş sistemləri kimi informasiya texnologiyaları və bir sıra digər xidmətlər təşkil edəcək.
   
   Mədəniyyət və Turizm Nazirliyi sərgiyə zəngin ekspozisiya ilə qatılacaq
   
   Mədəniyyət və Turizm Nazirliyi AİTF-2012 beynəlxalq turizm və səyahətlər sərgisində 50 kvadratmetr sahədə xüsusi quraşdırılmış stendlə iştirak edəcək. Bu barədə məlumat verən nazirliyin Turizm şöbəsinin turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədovun sözlərinə görə, stenddə Azərbaycanın daxili turizm imkanlarını əks etdirən reklam-çap məhsulları, CD-lər, broşürlər, bukletlər nümayiş etdiriləcək.
   AİTF-2012 sərgisinin daha bir özəlliyi bu il ilk dəfə olaraq burada Dünya Turizm Təşkilatının da ayrıca stendlə təmsil olunmasıdır. V.Şıxəmmədov bunu bu nüfuzlu turizm qurumunun Azərbaycanda keçirilən sərgiyə böyük diqqət və marağının nəticəsi kimi qiymətləndirdi. 
   

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar