Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir
   
   Bu gün dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilən turizm Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Ölkəmizin təbii şəraiti, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi Azərbaycanın turizm sahəsində rəqabət imkanlarını artırır.
   
   Təsadüfi deyil ki, dövlət də turizm sahəsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının, 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası dövlət tərəfindən turizmin inkişafına verilən dəstəyin göstəricisidir.
   
   “Turizm ili” inkişafa töhfə oldu

   
   2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsi dövlət qurumları, özəl sektor, biznes dairələri ilə bərabər, ümumilikdə cəmiyyətin bu sahəyə diqqətini artırdı. Bu, Azərbaycan turizminin dünyada təbliğində də özünü göstərdi. Ötən il Mədəniyyət və Turizm Nazirliyi 17 beynəlxalq turizm sərgisində iştirak edib, 2012-ci ildə isə bu sayın 22-yə çatdırılması nəzərdə tutulur. İl ərzində xarici kütləvi informasiya vasitələrində Azərbaycanın turizm potensialını əks etdirən reklam materiallarının yayılmasına xüsusi önəm verilib. İlk dəfə olaraq Ukraynanın milli telekanalında reklam çarxı, Böyük Britaniyanın “Voyager” bort jurnalının mart, may, sentyabr, oktyabr, noyabr buraxılışlarında turizm imkanlarımızı əks etdirən reklam səhifəsi yerləşdirilib .
   “ABTA” jurnalında, Fransanın məşhur “Le Nouvel Economist” qəzetində respublikanın turizm imkanları haqqında reklam səhifələri verilib. Rusiyanın “Grand Fair” şirkəti tərəfindən Azərbaycan haqqında “Tomas Kuk” bələdçisi (rus dilində) hazırlanır.
   Azərbaycanda turizmin inkişafına yaradılan münbit şərait mehmanxana və mehmanxana tipli obyektlərin sayının artmasında da özünü göstərir. Ötən ilin yekunlarına görə, Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 515-ə, yataq yerlərinin sayı isə 33 393-ə çatıb. İllik müqayisədə yataq yerlərinin sayı 11,8% artıb. Ötən il 30 mehmanxana istifadəyə verilib, hazırda isə 45 mehmanxana və mehmanxana tipli obyektin tikintisi davam etdirilir. Hazırda xüsusi razılıq (lisenziya) əsasında 312 mehmanxana və mehmanxana tipli obyekt, 178 turizm şirkəti fəaliyyət göstərir.
   
   Beynəlxalq marşrutlar Azərbaycana marağı artırır
   
   Azərbaycanın daxil turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə 2003-cü ildə bölgələr üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü isə əlavə marşrut hesab edilir. Əsas turizm marşrutlarımız Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvandır.
   Əsas marşrutlar üzərində hansı rayonlar daha çox perspektivlidirsə və orada turizm növlərini inkişaf etdirmək mümkündürsə, bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər aparılır. Həmin rayonlar beynəlxalq səviyyədə təbliğ olunur. Bu məqsədlə Avropa Şurasının təcrübəsi çərçivəsində bu rayonların turizm imkanlarının tanıtdırılması üçün mədəni turizm marşrutları layihələri həyata keçirilir. Bunlar «Böyük İpək Yolu», «Şərab, mədəniyyət və turizm mübadiləsi», «Aleksandr Düma Qafqazda» və «Azərbaycanda alman məskənləri» layihələridir.
   Bu layihələrin həyata keçirilməsi eyni zamanda ölkəmizə gələn turistlərin sayının artmasına və turizm məhsulunun çeşidinin genişlənməsinə xidmət edir.
   
   Bakı və Abşeron qalaları, Naxçıvan təbii suları ilə tanınır
   
   Bakı və Abşeron yarımadası daha çox qədim qalaları, tarixi abidələri ilə diqqəti cəlb edir. Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərinin əksəriyyəti də bu ərazidə yerləşir. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, Bakı-Abşeron ərazisində 98 mehmanxana və mehmanxana tipli obyekt nazirliyin lisenziyası əsasında fəaliyyət göstərir.
   Qədim yurd yerlərimizdən olan Naxçıvanın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, tarix-mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli stimul yaradır. Naxçıvanda 1165 tarixi abidə var. Muxtar respublikada fəaliyyət göstərən Duzdağ Fizioterapiya Mərkəzi, “Şahbuz” Dövlət Təbiət Qoruğu və Zəngəzur Milli Parkı turistlərin ən çox sevdiyi məkandır.
   
   Quba-Xaçmaz zonası cəlbedici turizm məkanına çevrilir
   
   Quba və Qusar bölgəsi gözəl təbiəti, hündür şəlalələri (Ləzə, Şahnabaz), dağları və zirvələri turistləri cəlb edir. Qusar rayonunda inşa edilən «Şahdağ» qış-yay turizm kompleksi bölgədə turizmin inkişafına əlavə təkan verəcək. Hər il minlərlə turistin istirahət etdiyi regionlarından biri Xaçmazdır. Uca dağları, Xəzər dənizi boyunca uzanan meşələri, zəngin təbiəti, özünəməxsus mətbəxi və adət-ənənələri baxımından bu rayon turistlər üçün əsl cənnət-məkandır.
   
   Şəki sənətkarları, Qəbələ abidələri ilə gözəldir

   
   Şəki öz sənətkarlığı ilə həmişə diqqət mərkəzində olub. Burada son illər yeni mehmanxanalar, kotteclər, turizm xidməti obyektləri, digər sosial obyektlər inşa edilir. Bu da Şəkiyə gələn turistlərin sayının artmasına səbəb olur. Əgər 2004-cü ildə rayona cəmisi 2800 nəfər turist gəlmişdisə, 2011-ci ildə bu rəqəm 20 minə çatıb. Rayonda 12 turizm obyekti lisenziya ilə fəaliyyət göstərir.
   Şamaxı isə yay və qış turizmi, həmçinin kənd yaşıl turizmi inkişaf edib. Son vaxtlar isə atçılıq turizminə də diqqət artırılıb. Rayonda lisenziya ilə 12 turizm obyekti fəaliyyət göstərir.
   Qəbələ rayonunda beynəlxalq standartlara cavab verən turizm infrastrukturu mövcuddur. Sayı ilbəil artan hotellərdə (o cümlədən beşulduzlu), istirahət, əyləncə mərkəzlərində xidmətin keyfiyyəti dünyada müəyyən edilmiş normalara uyğundur. Bunun da nəticəsidir ki, 2011-ci il ərzində Qəbələ rayonuna 40 mindən yuxarı turist gəlib.
   
   Masallıda İstisu, İsmayıllıda el sənətkarlığı turistləri cəlb edir
   
   Masallı rayonu Azərbaycanın füsunkar guşələrindən biridir. Rayonun bir tərəfi Talış dağları və meşələri, bir tərəfi Xəzər dənizi ilə əhatə olunub. Hələ illər öncə uzaq yerlərdən gələn insanlar müalicə məqsədilə bu torpağın şəfalı suyundan istifadə ediblər. Turizm-rekreasiya zonası yaradılması üçün əlverişli təbii şəraitə malik Masallı rayonu çoxsaylı yerli və xarici qonaqları qəbul etmək imkanına malikdir.
   Turizm üçün əlverişli guşələrdən biri də İsmayıllı rayonudur. Burada müxtəlif sənətkarlıq növləri inkişaf edib ki, bu da turistləri bölgəyə cəlb edən mühüm amildir.
   Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Lahıc kəndi sənətkarları ilə xüsusilə məşhurdur. Xatırladaq ki, İsmayıllı ötən il Azərbaycanın “Sənətkarlıq paytaxtı” elan olunmuşdu.
   
   Gəncə və Tovuz: tarixi irs və nadir təbiət baş-başa
   
   Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə tarixi irsi ilə yanaşı, ətrafındakı gözəl təbiəti, göl və çayları ilə də məşhurdur. Tarixin müxtəlif dövrlərində həm təbii, həm də müharibələr səbəbindən dağıntılara məruz qalan şəhər ərazisində hazırda bir çox abidələr var. Şəhər ərazisində 206 yerli əhəmiyyətli, 10 ölkə əhəmiyyətli, 1 dünya əhəmiyyətli qədim Gəncə ərazisi və onun nəzdində 12 yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri yerləşir.
   Azərbaycanın qərbində yerləşən Tovuz rayonu flora və faunasının zənginliyi, meşələri, təbii bulaqları, tarixi abidələri turizm üçün əlverişli şərait yaradır. Rayon ərazisindəki antik dövrə aid “Torpaqqala” qədim yaşayış məntəqəsi, eramızdan əvvəl VI minilliyə aid edilən “Göytəpə” yaşayış məskəni turistlərdə ölkəmizin tarixi barədə təsəvvür yaratmaq üçün dəyərli məkanlardandır. Rayonda 62 daşınmaz tarixi və mədəniyyət abidəsi qeydiyyatdadır.
   
   * * *
   Görülən kompleks işlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır. Rəsmi məlumatlara görə, 2011-ci ildə Azərbaycana 2 milyon 239 min nəfər əcnəbi gəlib. Bu da 2010-cu illə müqayisədə 14 % və ya 276 min nəfər çoxdur. 2010-cu ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1 milyon 963 min nəfər təşkil edib ki, onlardan da 1 milyon 495 mini turist olub. 2011-ci ildə Azərbaycana turist qismində səfər edənlərin sayı isə 1 milyon 836 min nəfər olub.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar